EN

Ronaldo Portuqaliya millisinin heyətində altıncı dünya çempionatına hazırlaşır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beşqat “Qızıl top” mükafatçısı, hücumçu Kristian Ronaldo 2026-cı il dünya çempionatı üçün Portuqaliya milli komandasının yekun heyətinə daxil edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ronaldo hazırda beş dünya çempionatında iştirak etmiş iki fəal futbolçudan biridir. Digər futbolçu isə Argentina millisinin hücumçusu, səkkizqat “Qızıl top” sahibi Lionel Messidir. Bundan başqa, meksikalı futbolçular Antonio Karbahal və Rafael Márquez, həmçinin almaniyalı Lothar Matteus da beş dünya çempionatında çıxış ediblər. Ronaldo və Messi altı dünya çempionatında iştirak edən ilk futbolçular ola bilərlər.

Ronaldonun dünya çempionatlarında keçirdiyi 22 oyunda 8 qolu var. Onun heyətdə olduğu dövrdə Portuqaliya millisinin ən yaxşı nəticəsi 2006-cı ildə əldə edilən dördüncü yer olub. Həmin turnirdə portuqaliyalılar bürünc medal uğrunda oyunda Almaniyaya 1:3 hesabı ilə məğlub olmuşdular.

2022-ci ildə keçirilən son dünya çempionatında isə Portuqaliya millisi 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzub.

41 yaşlı Ronaldo beşqat UEFA Çempionlar Liqasının qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir. O, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar bombardiri hesab olunur.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək. Dünya çempionatının tarixində ilk dəfə olaraq yarışda 48 komanda iştirak edəcək.

Qrup mərhələsində Portuqaliya millisi Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasının milliləri ilə qarşılaşacaq.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
icma.az

1Sources