EN

​Qlobal böhranlar fonunda Bakı diplomatiyası COP29 dan WUF a uzanan uğurlu xətt

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qlobal geosiyasi turbulentliyin artdığı, dünyanın müxtəlif nöqtələrində hərbi və siyasi böhranların alovlandığı bir dönəmdə reallıq ondan ibarətdir ki, Azərbaycan həm təhlükəsizlik məkanı, həm də bəşəriyyəti narahat edən çağırışların müzakirə olunduğu ən etibarlı platforma statusunu qoruyub saxlayır. Paytaxt Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun (WUF) sessiyası da göstərdi ki, rəsmi Bakı artıq sadəcə regional oyunçu deyil, qlobal gündəliyi müəyyən edən strateji mərkəzdir.

Dövlət başçısı İlham Əliyevin bu mötəbər forumdakı proqram xarakterli çıxışı isə ölkəmizin həm tarixi sivilizasiya pasportunu, həm də gələcəyə hesablanmış modern urbanizasiya fəlsəfəsini ortaya qoydu.

Azərbaycanın beynəlxalq arenada öz tarixi irsi ilə qürur duyması təsadüfi deyil. Dövlət başçısının çıxışında toxunduğu fundamental məqamlar sübut edir ki, bu coğrafiyanın insanı əsrlər boyu oturaq həyat tərzinə, mütəşəkkil idarəetməyə və memarlıq mədəniyyətinə sahib olub.

Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən Qəbələ, Gəncə, Naxçıvan və Şamaxı kimi qədim mərkəzlər sadəcə yaşayış məntəqələri olmayıb. Bu şəhərlər orta əsrlərdə mürəkkəb mühəndislik layihələrinin, dövrün qabaqcıl su-kanalizasiya sistemlərinin və unikal memarlıq məktəblərinin tətbiq edildiyi intellektual mərkəzlər rolunu oynayıb.

Bu irs xalqımızın tarixin bütün dövrlərində sivilizasiya yaradıcısı, qurucu və memar obrazını formalaşdırıb. Bu gün Bakıda nümayiş olunan potensial həmin tarixi genetik kodun müasir təzahürüdür.

Ölkədə urbanizasiyanın ikinci böyük dalğası XIX əsrin ikinci yarısına -Bakıda neft bumunun yaşandığı, sənaye kapitalının regiona axdığı dövrə təsadüf edir. Həmin vaxt formalaşan memarlıq üslubları bu gün şəhərlərimizin vizual simasını təşkil edir.

Lakin indiki mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, proses xaotik və kortəbii xarakter daşımır. Hazırda dövlətin yürütdüyü siyasətin əsas qayəsi tarixi memarlıq incilərini zədələmədən müasirləşməkdir. İndiki quruculuq dalğası daha elmi, planlı və gələcəyə yönəlikdir. Şəhərlərin böyüməsi rəqəmsal texnologiyaların, "ağıllı" kommunal idarəetmə mexanizmlərinin tətbiqi və ekoloji ekosistemin qorunması ilə paralel şəkildə aparılır.

Şəhərsalma və sosial infrastruktur layihələrinin uğuru birbaşa ölkə rəhbərliyinin bu məsələyə göstərdiyi siyasi iradə ilə bağlıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın prosesi daim diqqət mərkəzində saxlaması şəhərlərin inkişaf tempini sürətləndirən əsas hərəkətverici qüvvədir.

Bakı buxtasının ekoloji reabilitasiyasından tutmuş, paytaxtın və regionların baş planlarının təsdiqinə, sosial mənzil layihələrindən yeni yaşıl zonaların salınmasına qədər hər bir xırda detal birbaşa ali nəzarətdədir. Bu yanaşma, şəhərlərimizin yalnız vizual olaraq deyil, həm də insanların rahat yaşaması üçün funksional cəhətdən təkmilləşməsini təmin edir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa prosesi bu gün dünya memarlarının və urbanistlərinin diqqət mərkəzindədir. Çünki Azərbaycan burada post-münaqişə dövrünün tamamilə yeni və unikal şəhərsalma standartını yaradır.

Vandalizmə məruz qalmış, tamamilə yerlə-yeksan edilmiş ərazilərdə sıfırdan qurulan Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər mərkəzlər rəqəmsal əsrə meydan oxuyur. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları reallığa çevrilir. Ekoloji cəhətdən təmiz "Yaşıl Enerji Zonası" statusu, alternativ enerji mənbələrindən maksimum istifadə və təbii resursların (xüsusilə su ehtiyatlarının) rəqəmsal idarə olunması Azərbaycanın bu sahədə dünyaya ixrac edə biləcəyi ən uğurlu brendidir.

Bu gün dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir: Yaxın Şərq alovlanır, Şərqi Avropada müharibə səngimir, qlobal güclər arasında ziddiyyətlər kəskinləşir. Belə bir gərgin atmosferdə Bakının həm COP29-a, həm də WUF platformasına uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı böyük etimadın göstəricisidir.

Azərbaycan bəşəriyyətin gələcəyini təhdid edən iqlim böhranı və urbanizasiya problemlərinin sivil, təhlükəsiz və sülh şəraitində müzakirə edilməsi üçün ideal məkana çevrilib. Bu status rəsmi Bakının beynəlxalq münasibətlər sistemində həm praqmatik xarici siyasət yürüdən sabitləşdirici faktor, həm də qlobal miqyaslı strateji aktor olduğunu bir daha təsdiq edir.

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
azpolitika.info

1Sources