EN

Nazir: İki həftə sonra Azərbaycan D-8 energetika nazirlərinin ilk görüşünə ev sahibliyi edəcək

Sürətli urbanizasiya, enerji təhlükəsizliyi çağırışları və iqlim dəyişiklikləri fonunda "yaşıl" və ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də qlobal enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilib.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində təşkil olunan "D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" mövzusunda keçirilən tədbir zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

""Yaşıl" inkişafı prioritet seçmiş ölkələr olaraq biz sürətlə böyüyən şəhərlərə və böyük bərpa olunan enerji potensialına malikik. Bu potensialın reallaşdırılması enerji keçidi ilə şəhər inkişafı, yaşıl investisiyalar və innovasiyalar arasında daha güclü uyğunlaşma tələb edir.

Azərbaycan "yaşıl" enerji gündəliyini strateji prioritet kimi irəli aparır. Biz genişmiqyaslı bərpa olunan enerji və transsərhəd enerji dəhlizi layihələrini həyata keçirir, yaşıl enerji zonaları yaradır, enerji səmərəliliyini artırır və elektrik şəbəkəmizi modernləşdiririk", - nazir qeyd edib.

Onun sözlərinə görə, gələn il ölkədə ümumi gücü 2 giqavat olan günəş və külək elektrik stansiyaları istifadəyə veriləcək ki, bu da hər il təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda geniş yaşıl enerji infrastrukturu “yaşıl enerji zonası” və “ağıllı şəhər” konsepsiyası əsasında inkişaf etdirilir. Şəhərlərdə sahilyanı ərazilər, su ehtiyatları və yaşıl inkişaf prinsipləri ilə uyğun şəkildə günəş panelləri, enerji səmərəli həllər və elektrik nəqliyyat vasitələri üçün enerji doldurma infrastrukturu geniş tətbiq olunur", - nazir vurğulayıb.

O əlavə edib ki, iki həftə sonra Azərbaycan Bakıda D-8 üzv dövlətlərinin energetika nazirlərinin ilk görüşünə ev sahibliyi edəcək. Görüş zamanı Azərbaycanın energetika naziri D-8 İqlim və Enerji Mərkəzinin Nizamnaməsini təqdim edəcək. Baş qərargahı Azərbaycanda yerləşəcək bu mərkəz D-8 üzv dövlətləri üzrə dayanıqlı enerji layihələri üçün regional platforma rolunu oynayacaq və bərpa olunan enerji, enerji səmərəliliyi və digər iqlimə davamlı təşəbbüslər üçün katalizator funksiyasını yerinə yetirəcək.

"İnteqrasiya olunmuş planlaşdırma vasitəsilə biz enerji keçidini sürətləndirə, eyni zamanda şəhərlərimizi daha dayanıqlı, davamlı və yaşamaq üçün əlverişli məkanlara çevirə bilərik", - nazir bildirib.

Chosen
1
2
apa.az

3Sources