“Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi bəşəriyyətin qarşılaşdığı qlobal çağırışlara Azərbaycanın universal həll modellərinin təqdim edildiyi və müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin artan strateji çəkisini nümayiş etdirən fundamental audiovizual sənəddir”.
Bu fikirləri Musavat.com-a Azərbaycan parlamentinin təmsilçisi Bəhruz Məhərrəmov deyib.

Deputat diqqətə çatdırıb ki, müsahibədə ilk olaraq Dünya Şəhərsalma Forumuna Azərbaycanın ev sahibliyi etməsi faktını ön plana çıxaran Prezident haqlı olaraq bu irimiqyaslı tədbiri Azərbaycan xalqına və dövlətinə bəşəri miqyasda göstərilən hörmətin bariz nümunəsi kimi xarakterizə etdi:
“Heç şübhəsiz ki, COP29-dan dərhal sonra belə bir nəhəng foruma - BMT-nin ikinci böyük platformasına ev sahibliyi etmək rəsmi Bakının beynəlxalq miqyaslı güc potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Cənab İlham Əliyev müsahibədə də göstərdi ki, ölkəmiz bu forum vasitəsilə dünyaya unikal bir dövlətçilik təcrübəsi təqdim etdi: İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yaşıl enerji zonaları və bu bərpa modeli, mütərəqqi urbanizasiya hüququ baxımından müharibə və dağıntılardan əziyyət çəkmiş digər dövlətlər üçün artıq beynəlxalq səviyyədə universal inkişaf etalonudur”.
Parlamentarinin sözlərinə görə, “Euronews” Avropanın enerji təhlükəsizliyi mövzusunu kənarda saxlaya bilməzdi:
“Avropanın enerji şaxələndirilməsində Azərbaycanın rolu barədə danışarkən dövlətimizin başçısı xarici siyasətimizin etibarlılıq və şəffaflıq prinsiplərini xüsusi qabardaraq, növbəti ayın əvvəlində yeni yataqdan hasilatın başlayacağı müjdəsini verməklə Azərbaycanın qlobal enerji təchizatçısı kimi mövqelərinin hələ uzun onilliklər ərzində sarsılmaz qalacağını bəyan etmiş oldu. Digər tərəfdən, bu hüquqi-iqtisadi zəmanət Bakının ehtiyatlarının tükəndiyini iddia etməklə investorlarda şübhələr oyatmaq istəyən qərəzli dairələrə sarsıdıcı zərbə oldu. Həmçinin, Yaxın Şərqdə və xüsusilə Hörmüz boğazında yaşanan geosiyasi böhranların qlobal bazarlara təsirindən bəhs edən cənab Prezident Azərbaycanın bu cür kataklizmlərə qarşı nə dərəcədə dayanıqlı bir immunitet formalaşdırdığını analitik şəkildə əsaslandırdı. Azərbaycanın bu böhranlardan sığortalanmasının səbəbini cənab Prezident “vaxtında edilmiş ev tapşırığı” və çoxtərəfli uğurlu diplomatiya ilə izah etdi. İstehsalçı, tranzit ölkə və istehlakçı arasında yaradılan hüquqi konsensus və qonşularla qurulan balanslaşdırılmış münasibətlər zənciri Azərbaycanı bir istiqamətdən asılı qalmayan çoxşaxəli münasibətlərə və seçim imkanına malik regional təhlükəsizlik vahidinə çevirib”