Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Mayın 22-dək davam edəcək tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən nümayəndələr bir araya gəlib. Forumda 182 ölkənin təmsil olunması isə Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad və hörmətin bariz göstəricisi kimi qiymətləndirilir.
Müasir şəhərsalma siyasətində davamlı inkişaf və ekoloji amillərin rolu nə dərəcədə önəmlidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu tip tədbirlər növbəlilik prinsipi əsasında deyil, bu və ya digər ölkənin həmin sahə üzrə maraq doğuran təcrübəsi nəzərə alınaraq keçirilir:

“13-cü forumun Bakıda təşkili Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, eyni zamanda müasir dövrdə şəhərlərin simasının ciddi şəkildə dəyişdirilməsi və yenilənməsi təcrübəsi ilə bağlıdır.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin ixtisaslaşmış qurumları Azərbaycanda gedən proseslər barədə kifayət qədər məlumatlıdır. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin tarixinə və mədəniyyətinə verilən qiymətin, eləcə də beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir”.
Deputat qeyd edib ki, tədbirdə yalnız şəhərsalma məsələləri müzakirə olunmur:
“Tədbirdə eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti öyrənilir, ölkənin müxtəlif sahələrdə, o cümlədən şəhərsalma istiqamətində atdığı addımlar yaxından müşahidə edilir.
Forumun ilk iki günü göstərdi ki, tədbirin Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərar tamamilə düzgün idi. Burada həm qlobal və ümumi məsələlər ətrafında fikir mübadiləsi aparıldı, həm də çoxsaylı ikitərəfli görüşlər keçirildi.
Belə beynəlxalq forumların Azərbaycanda təşkili artıq ənənə halını alıb. Bundan sonra da Bakının beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olacağıq”.