EN

Rafael Tuts: WUF13-də qurulan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq

Bakı, 19 may, AZƏRTAC

WUF13 çərçivəsində aparılan müzakirələr zamanı formalaşdırılan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts “Hamı üçün layiqli mənzil təminatı” üzrə keçirilən sessiyalararası görüşdə deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri mənzil təminatı, urbanizasiya və şəhərsalma kimi sahələrlə sıx şəkildə bağlıdır: “2015–2024-cü illər dövründə iqlim dəyişiklikləri nəticəsində dünyada ölkədaxili miqrantların sayı 248 milyona çatıb. Mənzil sektoru bu çağırışların həllində böyük potensiala malikdir. Bu istiqamətdə konkret və təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir”.

R. Tuts iqlimə həssaslıq məsələsinin təcili həll tələb etdiyini və mövcud vəziyyətin əsasən imkan çatışmazlığından deyil, idarəetmədəki boşluqlardan qaynaqlandığını diqqətə çatdırıb: “Forum çərçivəsində hazırlanacaq tövsiyələr 2029-cu ildə keçiriləcək Habitat III görüşü üçün mühüm əhəmiyyət daşıyacaq. Ümumiyyətlə, WUF13 maliyyələşmə, dayanıqlılıq və iqlim məsələləri üzrə qlobal müzakirələr üçün mühüm platforma yaradıb”.

Müxbirlər - Aynur Əlixanlı, Aydan Həsənli

 

Chosen
18
2
azertag.az

3Sources