İrlandiya prezidentinin bacısı, doktor Marqaret Konnolli “Sumud” donanmasında bir gəmidə saxlanılıb və hazırda İsrailə aparılır.
Musavat.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, doktor Konnolli Qəzzaya doğru hərəkət edən və Kipr sahillərində İsrail tərəfindən saxlanılan “Sumud” humanitar donanmasının göyərtəsindəki azı altı İrlandiya vətəndaşından biridir.
“Reuters” agentliyinin məlumatına görə, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda ən azı 28 qayığı ələ keçirib.
“Sumud” missiyası isə ələ keçirilən gəmilərlə əlaqənin kəsildiyini bəyan edib.
İsrail Xarici İşlər Nazirliyi bu flotiliyanı “təxribat” adlandırıb və gəmilərin göyərtəsində heç bir humanitar yardımın olmadığını iddia edib.
“Bu flotiliyada iştirak etdiyim üçün çox qürur duyuram. Bu, bu günə qədər olan ən böyük missiyadır və biz Qəzza əhalisinə çox ehtiyac duyulan kömək və tibbi ləvazimatları çatdırmaq üçün humanitar dəhliz açmağa gedirik. Bir ana, bir həkim və bir insan kimi bu flotiliyaya kömək etmək üçün daxilimdə qarşısıalınmaz bir istək hiss edirəm”, — deyə doktor Konnolli “Sumud” tərəfindən yayımlanan videomüraciətində bildirib.
İrlandiya tərəfi rəsmi şəxslərin “Sumud qlobal flotiliyası ilə bağlı vəziyyəti aktiv şəkildə izlədiyini” və aidiyyəti qurumlarla əlaqədə olduğunu bəyan edib. Hakimiyyət orqanlarının açıqlamasında qeyd olunub ki, “zərərçəkmiş İrlandiya vətəndaşlarına” lazımi konsulluq yardımı göstəriləcək.
Qeyd edək ki, bundan əvvəl də İsrail hərbçiləri humanitar yardım daşıyan və göyərtəsində təxminən 175 fəalın olduğu 20 gəmidən ibarət digər bir flotiliyanı Qəzza zolağına çatmamış saxlamışdı.
Musavat.com
![]()