EN

Cəbrayıl Xanlarov: İqlim risklərinə qarşı erkən xəbərdarlıq mexanizmləri gücləndirilir

 

Dövrümüzün ən təcili strateji prioritetlərindən biri iqlim dəyişiklikləridir. İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. O, iqtisadi artımı, ərzaq təhlükəsizliyini, şəhər inkişafını, su idarəçiliyini və kənd təsərrüfatı sektorunun gələcəyini müəyyənləşdirən əsas amilə çevrilib. Bunu  fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

Bir çox ölkələr kimi, Azərbaycan da temperaturun artması, su qıtlığı və ekstremal hidro-meteoroloji hadisələrdən qaynaqlanan risklərlə üzləşir. Bütün sahələr arasında kənd təsərrüfatı ən həssas istiqamətlərdən biri olaraq qalır.

İqtisadiyyatımızın və ərzaq təhlükəsizliyimizin strateji dayaqlarından biri kimi kənd təsərrüfatının dayanıqlığının artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, effektiv erkən xəbərdarlıq sistemlərinin yaradılması milli prioritet hesab olunur.

Bu sistemlər yalnız təhlükələr barədə məlumatlandırma vasitəsi deyil, həm də risklərin qabaqcadan proqnozlaşdırılması, düzgün qərarların qəbul olunması, təbii resursların qorunması və məhsuldarlığın artırılması üçün strateji alətlərdir.

Bu çərçivədə dəqiq və kompleks meteoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası mühüm addımdır. Fermerlərə vaxtında və etibarlı məlumatların çatdırılması əkin, suvarma və məhsul yığımının elmi əsaslarla planlaşdırılmasına imkan yaradır. Bu sistemlər dolu, şaxta və digər iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsini də təmin edir.

Eyni zamanda süni intellekt kənd təsərrüfatında yeni mərhələ açır. Müasir rəqəmsal texnologiyalar artıq təkcə məlumat toplamağa deyil, böyük həcmli məlumatların daha sürətli, daha ağıllı və daha effektiv qərarlara çevrilməsinə imkan verir.

2024–2026-cı illəri əhatə edən Aqrar Süni İntellekt layihəsi çərçivəsində kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində texnologiyaların tətbiqi sürətlə davam etdirilir.

Bu gün 160-dan çox iqlim stansiyasından əldə edilən məlumatlar, peyk görüntüləri və torpaq analizləri vahid platformaya inteqrasiya olunub. Sistem artıq 300 mindən çox fermer və 600 mindən artıq hektar kənd təsərrüfatı torpağı üzrə məlumatları təhlil edib.

Məhsuldarlığın proqnozlaşdırılması, bitki sağlamlığının monitorinqi və suvarmanın optimallaşdırılması üçün hazırlanmış süni intellekt modellərinin böyük hissəsi artıq tətbiq mərhələsindədir.

Hazırda dörd regionda fermerlər meyvə bağlarında xəstəlik və zərərvericilərlə bağlı üç gün əvvəldən xəbərdarlıqlar alırlar. Bu, itkilərin azaldılmasına, resurslardan səmərəli istifadəyə və dövlət siyasətinin effektivliyinin artırılmasına kömək edir.

Azərbaycanın gələcək aqrar siyasəti üç əsas istiqamət üzərində qurulur: rəqəmsal transformasiya, aqrometeoroloji inteqrasiya və süni intellektə əsaslanan idarəetmə.

Məqsəd yalnız istehsalçıları məlumatlandırmaq deyil, həm də onların rəqabət qabiliyyətini artıran, riskləri idarə etməyə kömək edən və iqlim dəyişikliklərinə uyğunlaşmanı təmin edən müasir alətlərlə təchiz edilməsidir.

Erkən xəbərdarlıq sistemləri, rəqəmsal innovasiyalar və ağıllı kənd təsərrüfatı idarəçiliyi artıq seçim deyil – dayanıqlı gələcəyin ayrılmaz tələbinə çevrilib. Mən əminəm ki, birgə səylərimiz nəticəsində daha güclü kənd təsərrüfatı sektoru, iqlim dəyişikliklərinə daha davamlı şəhərlər və daha təhlükəsiz Azərbaycan quracağıq.

Chosen
9
anews.az

1Sources