“İnsanlar şəhərlərə köçür. Bu xəfif keçid deyil, urbanizasiyanin ən sürətli inkişafıdır. Biz buna hazır olmalıyıq. İnanıram ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyada mənzil böhranının həlli üçün bizə kömək edəcək”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: plan nədir?" adlı panel müzakirəsində deyib.
O bildirib ki, qeyri-formal yaşayış məntəqələri problemi öz həllini tapmalıdır:
"Təbii ki, biz binalar tikməliyik. Bu binalar aşağı gəlirli insanlar üçün əlçatan və münasib olmalıdır. Qeyri-formal məskənlər milyonlarla insanı təmin edir. Amma bu, yaxşı deyil. Bu problemi həll etmək üçün layihələr var. Bir çox insan işi, imkanları şəhərdə görür, çörəyi orda tapır və qeyri-formal yaşayış məntəqələrində, gecəqondularda yaşayırlar. Bu insanları düşünməliyik".
Günay Şahmar, Bizim.Media