EN

19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı

Azadlıq ruhunun təntənəsi 

Türkiyə və Azərbaycan xalqları tarix boyu ortaq dilin, dinin, mədəniyyətin və milli dəyərlərin yaratdığı möhkəm bağlarla bir-birinə bağlı olmuşdur. Bu qardaşlıq münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda ortaq tarixi yaddaşa, milli ideallara və böyük şəxsiyyətlərin irsinə söykənir. Türk dünyasının görkəmli liderləri olan Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev bu mənəvi birliyin formalaşmasında müstəsna rol oynamış şəxsiyyətlərdir. Onların türk dünyasının gələcəyi, milli dövlətçilik və xalqın birliyi haqqında fikirləri bu gün də Azərbaycan–Türkiyə münasibətlərinin əsas ideoloji dayaqlarından biri olaraq qalır.

Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə dünyaya göz açmış, gənc yaşlarından hərbi təhsil alaraq vətəninə xidmət yolunu seçmişdir. Osmanlı imperiyasının ağır siyasi və hərbi böhran dövründə yetişən Atatürk, xüsusilə Çanaqqala savaşındakı böyük qəhrəmanlığı ilə xalqın inamını qazanmışdır. Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı dövrdə o, türk xalqını milli istiqlal mübarizəsinə səsləmişdir.

1919-cu il mayın 19-da Samsuna çıxışı isə Türkiyə tarixində dönüş nöqtəsi olmuşdur. Məhz həmin gün türk xalqının azadlıq mübarizəsinin başlanğıcı qoyulmuş, sonradan Türkiyə Cümhuriyyətinin qurulmasına aparan böyük yol açılmışdır. Atatürk inanırdı ki, xalqın xilası milli birlikdən, elm və təhsildən, güclü gənclikdən keçir. Buna görə də o, 19 Mayısı türk gəncliyinə hədiyyə etmiş və bu günü “Atatürkü Anma, Gənclik və İdman Bayramı” kimi tarixə yazmışdır.

Atatürk türk dünyasının birliyinə xüsusi önəm verirdi. Onun “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikri bu gün də qardaşlığın ən qiymətli ifadələrindən biri kimi xatırlanır. XX əsrin sonlarında isə bu ideyalar ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilmişdir. Heydər Əliyev Atatürkün dövlətçilik fəlsəfəsinə böyük hörmətlə yanaşır, Türkiyə ilə münasibətləri Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan–Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Məhz onun müəllifi olduğu “Bir millət, iki dövlət” ifadəsi qardaş ölkələrin münasibətlərini ən dolğun şəkildə ifadə edən tarixi kəlam oldu. Ulu öndər dəfələrlə çıxışlarında Atatürkün türk dünyası üçün misilsiz xidmətlərini vurğulamış, onun ideyalarının müasir dövrdə də aktuallığını qoruduğunu bildirmişdir. Türkiyənin dövlət rəhbərləri ilə Heydər Əliyev arasında formalaşan səmimi münasibətlər, qarşılıqlı etimad və dostluq iki ölkə arasında əbədi qardaşlığın siyasi təməlini möhkəmləndirmişdir.

Bu gün Türkiyə və Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi məhz Atatürk və Heydər Əliyev ideyalarının uğurlu davamıdır. Hər iki böyük lider türk xalqının güclü dövlətçilik ənənələrinə sahib olmasının vacibliyini vurğulayır, gəncliyi xalqın gələcəyi hesab edirdi.

19 Mayıs bayramı da məhz bu idealların təntənəsidir. Bu tarix Türkiyənin milli azadlıq mübarizəsinin başlanğıcı olmaqla yanaşı, gəncliyin gücünə, vətən sevgisinə və milli birliyə verilən böyük dəyərin rəmzidir. Türkiyədə hər il dövlət səviyyəsində böyük coşqu ilə qeyd olunan bu bayram müxtəlif idman yarışları, gənclik festivalları və anım mərasimləri ilə yadda qalır.

Atatürk idmanın inkişafını dövlətin mühüm vəzifələrindən biri hesab edirdi. Onun məşhur “Sağlam bədəndə sağlam ruh olar” fikri Türkiyədə idman siyasətinin əsas prinsiplərindən birinə çevrilmişdir. Bu siyasətin nəticəsi olaraq Türkiyə dünya idman arenasında mühüm uğurlar əldə etmişdir.

Türkiyə xüsusilə güləş, futbol, basketbol, voleybol və ağır atletika sahələrində böyük nailiyyətlər qazanmışdır. Dünya şöhrətli güləşçi Yaşar Doğu, üçqat Olimpiya çempionu Naim Süleymanoğlu, beynəlxalq arenalarda uğur qazanan türk futbol klubları və milli komandalar Türkiyə idman tarixinin qürur mənbəyidir. 2002-ci ildə futbol üzrə dünya çempionatında Türkiyə millisinin üçüncü yerə yüksəlməsi ölkənin idman tarixində mühüm hadisə kimi yadda qalmışdır. Son illərdə Türkiyə idmançıları Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında onlarla medal qazanaraq ölkələrinin bayrağını yüksəltməkdə davam edirlər.

Azərbaycan və Türkiyə arasında idman sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Qardaş ölkələrin idmançıları beynəlxalq yarışlarda bir-birinə dəstək verir, ortaq təlim-məşq proqramları və yarışlar təşkil olunur. Bu əməkdaşlıq xalqlar arasında dostluğun və həmrəyliyin daha da güclənməsinə xidmət edir.

Bu gün 19 May yalnız Türkiyənin deyil, bütün türk dünyasının qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Bu bayram azadlıq uğrunda mübarizənin, milli birliyin və gəncliyə inamın rəmzidir. Atatürkün idealları və Heydər Əliyevin siyasi irsi Azərbaycan–Türkiyə qardaşlığını gələcəyə aparan möhkəm mənəvi körpü olaraq yaşayır.

19 Mayıs – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə qardaş Türkiyə xalqını ürəkdən təbrik edir, türk dünyasına birlik, inkişaf və daim yüksələn uğurlar arzulayırıq.

Nurəngiz ADİLQIZI

XQ

 

Chosen
18
1
xalqqazeti.az

2Sources