EN

Rusiyada İslam bankçılığı genişlənir

Yazını böyüt
Yazını kiçilt

İslam bankçılığı sistemi üçün "faizsiz, tərəfdaşlıq maliyyəsi" kimi təsvir edilən ilk rəsmi standartların Rusiyada bir ay ərzində qəbul edilməsi gözlənilir. Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov bildirib ki, sistem həm "dost ölkələrdən" kapital cəlb etmək, həm də faizsiz maliyyə axtaranlara alternativ təklif etmək üçün vacibdir. Lakin ekspertlər hesab edirlər ki, sistem qısa müddətdə ənənəvi bankçılığa ciddi rəqib ola bilməz.

Hafta.az yazır ki, "İzvestiya"nın məlumatına görə, Rusiyada İslam bankçılığının tətbiqi hazırda eksperimental mərhələdədir. Eksperimental proqram 1 sentyabr 2028-ci ilə qədər uzadılıb. Pilot proqram təxminən 12,5 milyon müsəlmanın yaşadığı Tatarıstan, Başqırdıstan, Dağıstan və Çeçenistanda davam edir. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, tərəfdaşlıq maliyyəsinin ümumi bank əməliyyatlarında payı cəmi 0,07 faizdir.

Bu sistemdə banklar ənənəvi kredit təşkilatları kimi fəaliyyət göstərmir. Faiz əvəzinə mənfəətin bölüşdürülməsi əsasdır. İnvestisiyalar spirtli içki, qumar və ya silah istehsalı kimi sahələrə qoyulmur. Dövlət rəsmiləri iddia edirlər ki, bu model təkcə müsəlman investorlara deyil, həm də etik maliyyə təcrübələrini qəbul edənlərə müraciət edə bilər. Aksakovun sözlərinə görə, rəqəmsal maliyyə alətlərinin və beynəlxalq standartların tətbiqi Körfəz ölkələrindən Rusiyaya investisiya cəlb etməyi asanlaşdıra bilər.

Lakin şərqşünaslar daha ehtiyatlıdırlar. Rusiya Elmlər Akademiyasından Andrey Juravlyov bildirib ki, İslam maliyyəsi qlobal miqyasda yalnız bir neçə ölkədə dominant mövqeyə çatıb və bu da onun Rusiyada kütləvi alternativə çevrilməsini çətinləşdirir. Mütəxəssislərin fikrincə, sektordakı ən böyük problemlərdən biri vergi bərabərsizliyi və infrastrukturun olmamasıdır. Hazırda bazarda dominantlıq edən böyük banklar da sistemdəki çəkilərini qoruyub saxlayırlar.

Buna baxmayaraq, Rusiyada sukuk adlanan faizsiz maliyyə sertifikatlarının artım potensialı diqqətəlayiqdir. Qazprombank-ın hesablamalarına görə, Rusiyada sukuk bazarının həcmi 2028-ci ilə qədər 2-3 trilyon rubla çata bilər. Moskva Fond Birjasının məlumatları da göstərir ki, rəqəmsal maliyyə aktivləri ilə əməliyyatlar son bir ildə 3,5 dəfə artıb.

Chosen
23
hafta.az

1Sources