EN

Dünyada edamların sayı son 44 ilin maksimum həddinə çatıb

“Amnesty International”ın illik hesabatında 2025-ci ildə edamların sayının 78 faiz artdığı bildirilib...

Poliqon xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı olan Amnesty International dünyada edam hökmlərinin icrası ilə bağlı illik hesabatını açıqlayıb.

Hesabata əsasən, 2025-ci ildə dünyada 17 ölkədə ümumilikdə 2707 nəfər edam olunub. Bu göstərici 2024-cü illə müqayisədə 78 faiz çoxdur və 1981-ci ildən bəri qeydə alınan ən yüksək rəqəm hesab edilir. Təşkilat faktiki edam sayının rəsmi statistikadan xeyli artıq ola biləcəyini vurğulayıb.

Hesabatda bildirilib ki, ən çox edam hökmü icra edilən ölkə yenə də Çin hesab olunur. Lakin ölkədə bu məlumatların dövlət sirri kimi saxlanılması səbəbindən real statistikanın müəyyənləşdirilməsi mümkün deyil. Buna görə də beynəlxalq hesabatlarda Şimali Koreya ilə birlikdə Çində həyata keçirildiyi ehtimal olunan minlərlə edam ümumi statistikaya daxil edilməyib.

Məlumata görə, İran 2025-ci ildə 2159 edamla dünyada ən yüksək rəsmi göstəriciyə malik ölkələrdən biri olub. Bu rəqəm əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir. Səudiyyə Ərəbistanı isə xüsusilə narkotiklərlə bağlı cinayətlərə görə edam cəzalarının tətbiqini genişləndirərək ən azı 356 nəfəri edam edib.

Bununla yanaşı, Küveytdə edamların sayı 6-dan 17-yə yüksəlib. Misirdə bu göstərici 13-dən 23-ə, Sinqapurda 9-dan 17-yə qalxıb. ABŞ-nda isə 2024-cü ildə 25 nəfərin edam olunmasına qarşılıq, 2025-ci ildə bu rəqəm 47-yə çatıb.

“Amnesty International” ölüm hökmünün tətbiqində müşahidə olunan artımın beynəlxalq insan hüquqları sahəsində ciddi narahatlıq doğurduğunu qeyd edib. Təşkilat bir sıra ölkələrdə ölüm hökmünün siyasi təzyiq, narkotik cinayətləri və təhlükəsizlik məsələləri fonunda daha geniş tətbiq olunduğunu bildirib.

Poliqon.info

Chosen
97
poliqon.info

1Sources