EN

“Sel hadisələri təbiidir, panikaya ehtiyac yoxdur” Qorxmaz İbrahimli

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda son illər müşahidə edilən intensiv yağıntılar və kəskin hava dəyişiklikləri qlobal iqlim dəyişikliyinin təsirlərindən biri kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, atmosferdə istixana qazlarının artması nəticəsində temperaturun yüksəlməsi havanın daha çox su buxarı saxlamasına səbəb olur və bu da qısa müddətdə güclü leysan yağışlarının formalaşmasını sürətləndirir. Nəticədə bir çox bölgədə əvvəl nadir hallarda rast gəlinən intensiv yağıntılar daha tez-tez müşahidə olunur, bu isə sel və daşqın risklərini artırır və şəhər infrastrukturuna əlavə yük yaradır.

Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli hesab edir ki, son günlər Azərbaycanda müşahidə olunan intensiv yağıntıları tam şəkildə qlobal iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, Azərbaycanda yaz və payız aylarında bol yağıntılar həmişə müşahidə olunub və bu, ölkənin təbii iqlim xüsusiyyətlərindən biridir: “Azərbaycanda intensiv yaz yağışları yeni hadisə deyil. Müəyyən dövrlərdə belə yağıntılar təkrarlanır. Son illərdə qlobal iqlim dəyişikliklərinin və xüsusilə Bakı ilə Abşeron yarımadasında sürətli betonlaşmanın təsiri müəyyən qədər hiss olunsa da, hazırkı yağışları anomal hava hadisəsi kimi təqdim etmək doğru deyil”.

Ekoloq bildirib ki, Bakıda yaranan əsas problemlər təbiətdən daha çox plansız urbanizasiya və infrastruktur çatışmazlığı ilə bağlıdır. Onun fikrincə, paytaxt yağışlı hava şəraitinə uyğun planlaşdırılmadığı üçün intensiv yağıntılar zamanı yollar və yaşayış əraziləri su altında qalır:

“Dərə yataqlarında, kollektor xətlərinin üzərində və riskli ərazilərdə tikililərin inşa olunması bu problemləri daha da ağırlaşdırır. Yol ötürücüləri və drenaj sistemləri düzgün qurulmalıdır. Plansız məskunlaşmanın nəticəsidir ki, Bakıda kiçik intensiv yağış belə ciddi problemlər yaradır”.

Q. İbrahimli qeyd edib ki, regionlarda yağan yağışlar isə əsasən müsbət təsir göstərib və təbiətdə canlanma yaradıb: “Bir çox bölgələrdə yağıntılar yaşıllaşmanı artırıb və torpaq üçün faydalı olub. Bəzi ərazilərdə meyvə məhsuldarlığına təsir mümkündür, amma bu da təbii prosesdir. Ümumilikdə hazırkı hava şəraiti yaz mövsümünə uyğun hesab oluna bilər”.

Ekoloqun fikrincə, dağ çaylarının məcrasından çıxması və müəyyən sel hadisələrinin baş verməsi hər il müşahidə olunan təbii proseslərdir: “Belə halların qarşısını tam almaq mümkün deyil. Vacib məsələ risklərin düzgün idarə olunması və infrastrukturun təbii şəraitə uyğun qurulmasıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
sherg.az

1Sources