EN

Yaxın Şərqdə yeni müharibə hədəfi-İran BƏƏ-ni rəsmən "bir nömrəli hədəf" elan etdi

Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda İran regional düşmənlərinin siyahısını genişləndirərək növbəti dövləti rəsmən ölümcül hərbi zərbələrlə hədələyib.

Musavat.com xəbər verir ki, İranın "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının hərbi komandanlığının rəsmi nümayəndəsi İbrahim Zolfari Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı dünyada böyük əks-səda doğuran sensasion ittihamlar və təhdidlərlə çıxış edib. İranlı hərbi rəsmi bildirib ki, rəsmi Əbu-Dabinin son dövrlərdə İrana qarşı atdığı kəskin addımlar bu ərəb dövlətinin regionda tamamilə təklənməsinə səbəb olub. Bununla da kifayətlənməyən Zolfari, BƏƏ-nin gələcək hərbi əməliyyatlarda ilk vurulacaq ölkə olacağını açıq mətnlə bəyan edib: "BƏƏ-nin son addımları onları təkcə regionun ərəb ölkələri arasında tam izolyasiyaya sürükləməyib, həm də bu ölkəni hər hansı gələcək münaqişədə bizim üçün "birinci dərəcəli operativ hədəfə" çevirib", — deyə o vurğulayıb. Hərbi analitiklər İran komandanlığının bu bəyanatını Körfəz regionunda vəziyyəti tamamilə nəzarətdən çıxara biləcək təhlükəli bir siqnal kimi dəyərləndirirlər.

ABŞ-ın İrana qarşı mümkün zərbə planlarının müzakirə edildiyi bir vaxtda, Tehranın regiondakı Amerika müttəfiqlərinə, xüsusən də iqtisadi mərkəz olan Dubay və Əbu-Dabiyə yönəlik bu aqressiv ritorikası qlobal neft bazarlarında və dəniz ticarətində böyük təşviş yaradıb.

Hazırda BƏƏ rəhbərliyinin və Ərəb Dövlətləri Liqasının İranın bu birbaşa müharibə hədəsinə necə cavab verəcəyi beynəlxalq kəşfiyyat strukturları tərəfindən həyəcanla izlənilir.

Musavat.com

Chosen
15
musavat.com

1Sources