EN

Pezeşkian özünü SEPAH-ın hədəfinə çıxardı

İran Prezidenti Məsud Pezeşkian ölkənin dövlət rəsmilərinə və siyasətçilərinə müraciət edərək, cəmiyyətdə şok effekti yaradan kəskin və qorxmaz bəyanatlarla çıxış edib.

İran prezidenti rəsmi şəxsləri xalqa yalan danışmağı dayandırmağa və ölkədə guya hər şeyin qaydasında olması barədə saxta rifah illüziyası yaratmaqdan əl çəkməyə çağırıb. Düşmənin namərdcəsinə hərəkət etdiyini, ölkə rəhbərliyini, komandirləri, nazirləri hədəf aldığını, həmçinin tələbələrə və dinc əhaliyə zərbələr endirdiyini etiraf edən prezident daxili siyasətdə köklü dəyişikliklərin anonsunu verib: "Əgər biz müharibə şəraitindəyiksə, döyüş nizamı almalıyıq. Elektrik stansiyaları, neft-kimya sənayesi və polad kombinatı da daxil olmaqla, çoxsaylı strateji obyektlərimiz hücuma məruz qalıb. Yalandan iddia edə bilmərik ki, heç bir problemimiz yoxdur və düşmən məhv edilir. Məsul şəxslər cəmiyyətlə dürüst danışmalı, düşmənin tamamilə yox olması fonunda bizim tərəfimizdə mütləq rifah varmış kimi saxta obraz yaratmaqdan qaçmalıdırlar. Biz özümüz də çox ciddi çağırışlarla və böhranla üz-üzəyik”.

Prezident Pezeşkianın bu cür açıq danışması ölkə daxilində ruh düşkünlüyü, pessimizm əhvalı yarada və buna görə onu radikal SEPAH komandirlərinin qəzəbinə tuş gətirə bilərmi?

Türkiyə

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Məsud Pezeşkianın bu çıxışı İran siyasi sistemi üçün həqiqətən qeyri-adi və diqqətçəkən ritorika hesab oluna bilər. Çünki İran hakimiyyətində uzun illərdir formalaşmış əsas siyasi xətt ondan ibarətdir ki, ictimaiyyət qarşısında dövlətin zəif tərəfləri minimum göstərilir, daha çox müqavimət, güc və tam nəzarət görüntüsü yaradılır:

“Pezeşkian isə görünür, mövcud böhranın miqyasını cəmiyyətdən gizlətməyin artıq mümkün olmadığını düşünür və buna görə daha realist xətt seçməyə çalışır. Onun “xalqla dürüst danışmaq lazımdır” mesajı bir tərəfdən cəmiyyətdə müəyyən etimad yaratmağa hesablanıb. Çünki uzun müddət problemlərin ört-basdır edilməsi, iqtisadi böhran, enerji çatışmazlığı, təhlükəsizlik riskləri və regional gərginlik İran cəmiyyətində onsuz da ciddi narazılıq formalaşdırıb. Belə şəraitdə hakimiyyətin hər şeyi tam nəzarətdə göstərməsi əks effekt verə bilərdi. Pezeşkian görünür bunu anlayır və idarə olunan realizm siyasətinə keçir. Ancaq bu tip açıq çıxışların daxildə psixoloji təsiri də var. İran kimi ideoloji dövlətlərdə hakimiyyətin əsas dayaqlarından biri güc görüntüsüdür. Prezidentin strateji obyektlərin vurulduğunu, böhranların dərin olduğunu açıq etiraf etməsi müəyyən təbəqələrdə ruh düşkünlüyü və pessimizm yarada bilər. Xüsusilə də iqtisadi vəziyyətdən narazı olan əhali bunu dövlətin zəifləməsi kimi qəbul edə bilər. Yəni Pezeşkianın şəffaflıq xətti qısamüddətli dövrdə ictimai narahatlığı da artıra bilər”.

Politoloq hesab edir ki, bu çıxışın İran hakimiyyətinin bütün qanadları tərəfindən eyni şəkildə qarşılanacağı da şübhəlidir:

“İran sistemində təhlükəsizlik yanaşmasını prioritet sayan əsas mərkəzlərdən biri SEPAH-dır. SEPAH uzun illərdir məğlubedilməzlik narrativi üzərində siyasi-ideoloji xətt qurub. Bu səbəbdən dövlətin zəifliklərinin bu qədər açıq etiraf olunması SEPAH daxilində müəyyən narahatlıq yarada bilər. İran daxilində sərt xətt tərəfdarları Pezeşkianın ritorikasını psixoloji müdafiəni zəiflədən yanaşma kimi qiymətləndirə və onu hədəfə ala bilərlər.

Pezeşkianın çıxışı dolayısı ilə İran daxilində siyasi xətt fərqlərini də üzə çıxarır. Bir tərəfdə daha ideoloji və sərt təhlükəsizlik yanaşması, digər tərəfdə isə böhranın real miqyasını qəbul edib cəmiyyəti buna hazırlamaq istəyən daha praqmatik xətt görünür”.

 

Etibar Seyidağa,
Musavat.com

Chosen
6
musavat.com

1Sources