"Dünən keçirilən magistratura imtahanı ilə bağlı çoxsaylı şikayətlər var. Bu narazılıqların əsas səbəblərindən biri, həmin gün ölkəmizdə mötəbər beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar bəzi yolların bağlanması və müəyyən istiqamətlərdə məhdudiyyətlərin tətbiq olunması idi. Nəticədə magistratura imtahanına gedən bir çox şəxslər əvvəlcədən nəzərdə tutduqları vaxtda imtahan mərkəzinə çata bilmədilər və gecikmələr yaşandı. Bəzi hallarda bu gecikmələr nəzərə alınsa da, digər hallarda nəzərə alınmadığı üçün haqlı narazılıqlar yaranıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirdi.
Onun sözlərinə görə, imtahanın yenidən keçirilməsi ilə bağlı təşəbbüslər də səsləndirilir.
"İmtahan sualları ilə bağlı isə qeyri-adi və ya standartdan kənar test tapşırıqlarının olduğu deyilmir. Suallar ümumilikdə uyğun formatda hazırlanmışdı. Sadəcə, imtahanın çətinlik səviyyəsi nisbətən yüksək idi və bu da yekun nəticələrə təsir göstərəcək. İmtahanın yenidən təşkili isə kifayət qədər çətin prosesdir. Bu qədər genişmiqyaslı imtahanın yenidən keçirilməsi praktik baxımdan asan görünmür. Ola bilsin ki, yalnız xüsusi hallarda, məsələn, ciddi şəkildə gecikən şəxslər üçün Dövlət İmtahan Mərkəzinin elektron korpusunda ayrıca təşkilati həll variantı tətbiq olunsun və həmin şəxslər üçün imtahan yenidən keçirilsin. Amma bunun qısa müddətdə baş verməsi inandırıcı görünmür. Çünki testlərin hazırlanması prosesi kifayət qədər mürəkkəb və zaman tələb edən işdir", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Â
Â
Â