Bakı növbəti dəfə beynəlxalq əhəmiyyətli qlobal tədbirə ev sahibliyi edir. 17–22 may tarixlərində keçiriləcək WUF13 – BMT-nin Şəhərsalma Forumu dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni Azərbaycan paytaxtında bir araya gətirib. Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, “yaşıl şəhər” modelləri və müasir urbanizasiya məsələləri müzakirə olunacaq.
Bu istiqamərdə Hafta.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, belə nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, təhlükəsizlik və sabitliyə verdiyi töhfənin, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin dünya miqyasında maraq doğurduğunun göstəricisidir.
Deputat qeyd edib ki, WUF13 – BMT-nin Şəhərsalma Forumu qlobal əhəmiyyətə malik ən mühüm beynəlxalq tədbirlərdən biridir:
"Forumda dünyanın 180-dən çox ölkəsindən 32 mindən artıq nümayəndə iştirakı edir. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş kimi qəbul edilməsinin, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfənin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycanın şəhərsalma və müasir infrastruktur quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər də bu seçimin əsas səbəblərindən biridir”.
A.Badamov o cümlədən vurğulayıb ki, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyi çox mühüm və müasir şəhərsalma təcrübəsi formalaşıb. Onun sözlərinə görə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri dünya üçün maraqlı və nümunəvi model hesab oluna bilər:
“Hazırda həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yeni yaşayış məntəqələri salınır. Müasir texnologiyalar, yaşıl enerji həlləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri bu layihələrin əsasını təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait göstərir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir, eyni zamanda müasir və təhlükəsiz həyat mühiti formalaşdırır. Bu təcrübə beynəlxalq səviyyədə şəhərsalma sahəsində tətbiq oluna biləcək mühüm nümunələrdən biridir. Çünki bu gün dünyanın müxtəlif bölgələrində davam edən müharibələr nəticəsində şəhərlər dağıdılır, yaşayış məntəqələri məhv edilir və milyonlarla insan öz yurd-yuvasından didərgin düşür. Müharibənin ağır nəticələrini yaşamış və dağıdılmış şəhərləri yenidən quran ölkə kimi Azərbaycanın təcrübəsi dünya üçün xüsusi əhəmiyyət daşıyır”.
A.Badamov hesab edir ki, belə beynəlxalq forumlar qarşılıqlı təcrübə mübadiləsi baxımından da mühüm rol oynayır:
"Azərbaycan bu tədbir vasitəsilə şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf, nəqliyyat, ekoloji planlaşdırma və “yaşıl şəhər” modelləri sahəsində dünyada tətbiq olunan ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcək. Bu isə gələcəkdə ölkəmizdə həyata keçiriləcək layihələrin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Belə mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi həm də Azərbaycanın dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində ölkəmizə gələcək minlərlə xarici qonaq Azərbaycanın müasir infrastrukturu, təhlükəsiz mühiti, qonaqpərvərliyi və inkişaf səviyyəsi ilə yaxından tanış olacaq. Bu isə ölkənin beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, WUF13 kimi böyük beynəlxalq tədbirlər turizm sektorunun inkişafına da ciddi töhfə verir. Xarici qonaqların ölkəmizə səfəri hotellər, restoranlar, nəqliyyat və xidmət sektorunda iqtisadi aktivliyi artırır. Eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsindəki uğurlu təcrübəsi bir daha nümayiş etdirilir və gələcəkdə daha böyük qlobal tədbirlərin ölkəmizdə keçirilməsi üçün yeni imkanlar yaranır”.