EN

“Azərbaycan artıq minifutbol dünyasında nüfuzlu ölkə kimi qəbul olunur”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun “Futbolpress.az”a müsahibəsi:

-Geridə qalan 8 ildə federasiya rəhbəri olaraq Azərbaycan minifutbolunda nələrə nail olmusunuz?

– Son 8 ildə əsas məqsədimiz minifutbolu təkcə yarış səviyyəsində deyil, kütləvi idman növü kimi formalaşdırmaq olub. Bu müddətdə federasiya olaraq ölkədaxili çempionatların sayını artırmışıq, bölgələrdə turnirlər təşkil etmişik, infrastrukturun inkişafına dəstək vermişik və ən əsası, Azərbaycanı beynəlxalq minifutbol ailəsində söz sahibi olan ölkələrdən birinə çevirmişik. Bu gün həm milli komandamızın uğurları, həm də ölkəmizdə keçirilən beynəlxalq yarışlar görülən işlərin nəticəsidir.

– Minifutbol millisi həm Avropa, həm də dünya çempionu olub. Hazırda dünya reytinqində də birinci sıradadır. Qısa zamanda belə böyük uğurların sirri nədədir?

– Uğurun əsas sirri sistemli yanaşma, düzgün komanda işi və minifutbola olan sevgidir. Biz ilk gündən bu sahəyə peşəkar münasibət göstərdik. Milli komandaya seçimlərə ciddi yanaşıldı, məşqçi heyətinə tam şərait yaradıldı, oyunçuların motivasiyası yüksək saxlanıldı. Bunun nəticəsində Azərbaycan həm Avropa, həm dünya çempionu oldu və dünya reytinqində liderliyə yüksəldi. Əlbəttə, bu uğur tək bir şəxsin deyil, bütün minifutbol ailəsinin əməyidir.

– Qarşınıza qoyduğunuz başqa hansı hədəflər var?

– Qarşıdakı əsas hədəflərimizdən biri minifutbolu daha da kütləviləşdirməkdir. İstəyirik ki, ölkənin hər bölgəsində bu idman növünə maraq artsın, yeni klublar yaransın, uşaq və gənclər arasında inkişaf proqramları genişləndirilsin. Eyni zamanda, beynəlxalq arenada lider mövqeyimizi qorumaq və Azərbaycanı minifutbolun əsas mərkəzlərindən birinə çevirmək istəyirik.

– Futbolda da rəhbəri olduğunuz “Zirə”nin eyniadlı komandası minifutbolda son çempiondur. Onlardan Çempionlar Liqasında gözləntiləriniz nələrdir?

– “Zirə”nin son çempion olması təsadüfi deyil. Komandada ciddi nizam-intizam, peşəkar yanaşma və qalib ruhu var. Çempionlar Liqasında da komandadan uğurlu çıxış gözləyirik. Əsas məqsədimiz təkcə iştirak deyil, Azərbaycan minifutbolunu Avropada layiqincə təmsil etməkdir. İnanıram ki, komanda potensialını düzgün ortaya qoysa, çox yaxşı nəticələr əldə edə bilər.

– Minifutbolda klub sayı artsa da, çempionlar dəyişmir. Rəqabətli mühit yaratmaq üçün nələrə ehtiyac var?

– Çempionların dəyişməməsi bəzi hallarda stabillik göstəricisidir, amma rəqabətin daha da artması bizim üçün vacibdir. Bunun üçün klubların maddi-texniki bazasının gücləndirilməsi, sponsor marağının artırılması və bölgə komandalarının inkişafı əsas şərtlərdəndir. Biz federasiya olaraq yeni klubların formalaşmasına və çempionatın daha maraqlı keçməsinə çalışırıq.

– Vaxtilə yığmada oynamış bir neçə futbolçu hazırda minifutboldadır. Keçmiş futbolçuların növbəti axını gözlənilir?

– Bəli, böyük futbolda çıxış etmiş bir çox oyunçu artıq minifutbolda özlərini sınayırlar və bu, çempionatın keyfiyyətinə müsbət təsir edir. Düşünürəm ki, gələcəkdə bu axın daha da genişlənəcək. Çünki minifutbol həm peşəkar rəqabət, həm də futbolçular üçün karyeranı davam etdirmək baxımından çox yaxşı platformadır.

– Bu haqda geniş araşdırmalarımız olmuşdu – minifutbolun ilk təşəkkül tapdığı ölkələrdən biri Azərbaycandır. Bu ənənənin ölkəboyu geniş yayılması üçün hansı planlar var?

– Azərbaycanın minifutbol ənənələri kifayət qədər qədimdir və bu idman növü illərlə həyətlərdə, məhəllələrdə yaşayıb. Məqsədimiz bu ənənəni daha müasir və peşəkar şəkildə inkişaf etdirməkdir. Bölgələrdə liqaların təşkili, məktəblərlə əməkdaşlıq və müxtəlif sosial layihələr vasitəsilə minifutbolun ölkəboyu yayılmasını istəyirik.

– Beynəlxalq qurumlarla əlaqələr hansı səviyyədədir?

– Beynəlxalq qurumlarla əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycan artıq minifutbol dünyasında nüfuzlu ölkə kimi qəbul olunur. Federasiyamız beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, müxtəlif tədbirlərdə aktiv iştirak edir və ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Bu münasibətlər həm idman, həm də təşkilati baxımdan inkişafımıza böyük töhfə verir.

– Ölkəmizə “ata idmanı” növlərindən sayılan minifutbolun təbliği, yarışların geniş işıqlandırılması, bu sahəyə marağın daha da artması istiqamətində hansısa addımlar düşünülürmü?

– Əlbəttə, bu istiqamətdə planlarımız var. Minifutbol xalq arasında çox sevilən və hamının yaxın bildiyi idman növüdür. Yarışların televiziya və media üzərindən daha geniş işıqlandırılması, sosial layihələrin təşkili, məktəblərdə və universitetlərdə təbliğat işlərinin aparılması əsas prioritetlərdəndir. Məqsədimiz minifutbola marağı daha da artırmaq və onu gənclər üçün cəlbedici sahəyə çevirməkdir.

– Minifutbol həm də “məhəllə futbolu”, “küçə futbolu” kimi ifadə olunur. Bir növ, hamının məşğul ola biləcəyi, daha əlçatan sahədir. Ölkəmizdə bu baxımdan meydança sayı kifayət edirmi?

– Minifutbolun əsas üstünlüyü onun əlçatan olmasıdır. Bu, həqiqətən də məhəllə futbolundan gələn bir idman növüdür və hər kəs oynaya bilər. Son illərdə ölkəmizdə meydançaların sayı artsa da, düşünürəm ki, hələ də yeni meydançalara ehtiyac var, xüsusilə bölgələrdə. İnfrastruktur nə qədər geniş olsa, uşaqların və gənclərin idmana marağı da bir o qədər artacaq. Biz də bu istiqamətdə müxtəlif layihələr üzərində işləyirik.

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
64
futbolpress.az

1Sources