EN

WUF 13 çərçivəsində icma təşkilatlarının rolu müzakirə olunub

Bakı şəhərində keçirilən BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu — World Urban Forum 13 çərçivəsində İcma Assosiasiyaları və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası baş tutub. Sessiya çərçivəsində “UN-Habitat Strateji Planının həyata keçirilməsində icma təşkilatlarının rolunun gücləndirilməsi” mövzusunda “fishbowl” formatında panel müzakirəsi təşkil olunub.

QHT.az xəbər verir ki, panelə Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Nədimə Rəhimli moderatorluq edib.

Tədbirdə ilk olaraq Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının — UN-Habitat nümayəndəsi Simon Deprez “Hamı üçün Adekvat Mənzil üzrə Hökumətlərarası Ekspert İşçi Qrupu”nun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra davam edən müzakirələrdə iştirakçılar dayanıqlı şəhərsalma, inklüziv urbanizasiya, iqlim dəyişikliklərinə davamlı şəhərlərin formalaşdırılması və vətəndaş cəmiyyətinin qərarqəbuletmə prosesində rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Panel müzakirələrində Azərbaycan Milli QHT Forumunun prezidenti Ramil İsgəndərli, Keniyanın UN-Habitat yanında Daimi Nümayəndəliyinin səfir müavini və daimi nümayəndəsi Beatrice Karago, International Institute for Environment and Development təşkilatının Mənzil Ədaləti Proqramının rəhbəri və baş tədqiqatçısı Alexander Frediani, həmçinin Keniyanın Parkinson Dəstək Qrupunun sözçüsü Nduta Mmbogori çıxış ediblər.

Çıxışlarda icma əsaslı təşəbbüslərin şəhərlərin dayanıqlığının artırılmasında, sosial inklüzivliyin təşviqində və BMT-nin şəhər inkişafı strategiyalarının həyata keçirilməsində mühüm rol oynadığı vurğulanıb.

Chosen
28
qht.az

1Sources