Kambocanın Baş nazirinin müavini Say Samal Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində forumun dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.
O qeyd edib ki, Kamboca üçün şəhərsalma və urbanizasiya prosesi ölkənin keçdiyi tarixi mərhələlərlə sıx bağlıdır. Say Samal vurğulayıb ki, uzun illər müharibələr yaşamış Kamboca üçün əsas prioritet əvvəlcə iqtisadiyyatın yenidən qurulması olub.
“Kamboca üçün ilk məqsəd iqtisadiyyatın bərpası idi. Daha sonra şəhərlərin inkişafı və urbanizasiya prosesi başladı. Hazırda isə ölkə üzrə infrastrukturun qurulmasına, xidmətlərin standartlaşdırılmasına və sosial layihələrə investisiya yatırırıq”, – deyə Say Samal bildirib.
O, Azərbaycanın WUF13-ə ev sahibliyi etməsini yüksək qiymətləndirərək bildirib ki, bu cür beynəlxalq platformalar ölkələrə öz təcrübələrini bölüşmək imkanı yaradır. Azərbaycanın dayanıqlı şəhərsalma üzrə qlobal gündəmdə oynaya biləcəyi roldan danışan Say Samal ölkənin şəhərlərin inkişafı üçün ümumi prinsiplərin və əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verə biləcəyini deyib.