EN

Qazilər və sakinlər bina idarəçiliyində ayrıseçkilik iddiası ilə çıxış edir

Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi 7 ünvanında yerləşən yaşayış binasının bir qrup sakini mənzil hüquqlarının müdafiəsi məqsədilə Müstəqil Həmkarlar Birliyinə kollektiv müraciət edib. Müraciətə 100-ə yaxın sakin imza atıb.

Sakinlərin bildirdiyinə görə, bina uzun müddətdir “MKS-3” MMC və “MKS-4” MMC tərəfindən idarə olunur və bu idarəetmə ilə bağlı ciddi narazılıqlar mövcuddur. Müraciətdə qeyd olunur ki, bina sakinlərinə münasibətdə fərqli ödəniş siyasəti tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin binada mənzillə təmin olunmuş Qarabağ qaziləri və digər hərbçilərdən kommunal və xidmət haqları kvadratmetr üzrə 40 qəpik, digər mənzil sahiblərindən isə 20 qəpik məbləğində tələb olunur.

Sakinlər hesab edirlər ki, eyni binada yaşayan və eyni xidmətlərdən istifadə edən vətəndaşlara qarşı fərqli tariflərin tətbiqi qanunvericiliyin bərabərlik prinsipinə ziddir və sosial narazılıq yaradır.

Müraciətdə həmçinin bildirilir ki, sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, problemlər həllini tapmayıb. Onların sözlərinə görə, məsələ bir neçə dəfə məhkəmə müstəvisinə çıxarılsa da, irəli sürülən iddialar üzrə hüquqi baxımdan aydın və əsaslandırılmış qərar verilmədiyini düşünürlər.

Sakinlər qeyd edirlər ki, onlar mənzillərini uzun illər dövlətə və Azərbaycan ordusuna xidmət nəticəsində əldə ediblər və öz hüquqlarının qanun çərçivəsində müdafiəsində qərarlıdırlar.

Bu səbəbdən bina sakinləri Müstəqil Həmkarlar Birliyindən davam edən məhkəmə proseslərində ictimai və hüquqi dəstək göstərilməsini, həmçinin məsələnin ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində köməklik edilməsini xahiş ediblər.

Müstəqil Həmkarlar Birliyi isə vətəndaş müraciətlərinin araşdırılacağını, qanunvericiliyin tələblərinə uyğun şəkildə hüquqi və ictimai dəstək imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

Chosen
43
azreform.info

1Sources