EN

Şəmsi Qoca: “Bizim məktəblərdə uşaqlara həyati bacarıqlar aşılanmır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ana öz sosial hesabında yazır: “Bizdə uşaqlar əsasən əzbər məlumatlar öyrənir, amma yolda necə davranmaq, təhlükəsizlik qaydaları, ilkin yardım kimi həyati bacarıqları çox vaxt bilmirlər. Çünki məktəb sistemi bunları kifayət qədər öyrətmir.

Məsələn, övladımın müəllimi uşaqlara velosiped sürməyi, üzməyi, yolda düzgün hərəkət etməyi, təhlükəsizlik qaydalarını və məsuliyyət hissini öyrədir. 11 yaşlı uşaqlar artıq praktik həyat bacarıqları qazanırlar.

Bizim məktəblərdə isə belə bacarıqlara çox az diqqət ayrılır. Halbuki bunlar uşağın gələcək həyatı üçün ən vacib biliklərdəndir.

Avropada təhsil sisteminin necə işlədiyini görürük. Bəs niyə biz də öz ölkəmizdə uşaqlar üçün belə bir gələcək arzulamayaq?”Niyə bizim məktəblərdə uşaqlara hələ də əsasən əzbər biliklər öyrədilir, amma həyat üçün vacib olan praktik bacarıqlara kifayət qədər yer verilmir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan təhsil eksperti, publisist Şəmsi Qoca bildirib ki, əsas hədəf uşaqları imtahanlara, testlərə hazırlamaqdır: “Azərbaycan məktəblərində yol təhlükəsizliyi, ilk yardım və üzgüçülük kimi praktik həyat bacarıqlarının sistemli şəkildə tədris olunmaması ilk növbədə təhsil sistemimizin mahiyyəti ilə bağlıdır. Bizdə təhsil hələ də böyük ölçüdə akademik yönümlüdür və əsas hədəf uşaqları imtahanlara, testlərə hazırlamaqdır. Məktəblərin reytinqi uşaqların qəbul balları ilə ölçüldüyü üçün bütün diqqət nəzəriyyəyə yönəlir, "Həyat bilgisi" kimi fənlərdə bu mövzular olsa daxil, onlar yalnız kağız üzərində qalır.

Başqa bir ciddi maneə infrastruktur və maddi-texniki bazanın yoxluğudur. Avropa ölkələrində bu cür dərslərin keçirilməsi üçün geniş velosiped zolaqları, məktəb hovuzları və uşaq təlim parkları mövcuddur. Bizim əksər məktəblərimizdə isə bu şərait yoxdur və uşaqları kənar mərkəzlərə daşımaq üçün həm logistik imkanlar, həm də maliyyə resursları çatışmır. Üstəlik, bu cür praktiki məşğələləri sıravi sinif rəhbərləri keçə bilməz; prosesə peşəkar təlimçilərin, polisin və FHN əməkdaşlarının sistemli şəkildə cəlb olunması mexanizmi hələ tam qurulmayıb”.

Şəmsi Qoca həmçinin vurğulayıb: “Məsələnin başqa tərəfi isə məsuliyyət və risk faktorudur. Hüquqi tənzimləmələr və uşaqların sığortalanması sistemi tam oturuşmadığı üçün müəllimlər və məktəb rəhbərliyi uşaqları sinif otağından kənara çıxarmağa qorxurlar, çünki yolda və ya fəaliyyət zamanı baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə birbaşa hüquqi məsuliyyət daşıyırlar. Bütün bunlara cəmiyyətin və valideynlərin yanaşması da əlavə olunur; bizdə hələ də valideynlər üçün uşağın riyaziyyatdan aldığı qiymət onun üzə bilməsindən və ya küçədə özünü qoruya bilməsindən daha vacib hesab olunur. Ona görə də təhsilin fəlsəfəsi kökündən dəyişməyincə və məktəb sadəcə imtahan mərkəzi deyil, həyata hazırlıq məkanı kimi qəbul edilməyincə, bu problemi təkbaşına həll etmək çətindir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
bizimyol.info

1Sources