EN

Dövlət qurumlarında süni intellektdən necə istifadə olunur?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son dövrlər dövlət idarəçiliyində rəqəmsallaşma prosesi yeni mərhələyə qədəm qoyaraq daha geniş və sistemli xarakter almaqdadır.

Xüsusilə süni intellekt texnologiyalarının tətbiqi ictimai xidmətlərin daha çevik, şəffaf və əlçatan şəkildə təqdim olunmasına imkan yaradır. Bu istiqamətdə dövlət qurumlarında süni intellektin tətbiqi getdikcə genişlənir.

Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “kapitan Əsgərli Zəfər” adlı süni intellekt əsaslı virtual əməkdaşın istifadəyə verilməsi bu sahədə atılan addımların bariz nümunəsi kimi qiymətləndirilir.

Süni intellekt texnologiyası əsasında yaradılan bu virtual əməkdaşın vəzifəsi ictimaiyyəti qurumun fəaliyyəti, qanunvericilikdə baş verən dəyişikliklər və digər aktual məsələlərlə bağlı daha operativ şəkildə məlumatlandırmaqdır.

Bu cür yeniliklər dövlət qurumlarının ictimaiyyətlə ünsiyyət formasını dəyişməklə yanaşı, informasiya çatdırılmasında sürət və dəqiqliyi artırır, həmçinin vətəndaş məmnunluğunu yüksəltməyə xidmət edir.

Dövlət qurumlarında süni intellekt texnologiyalarından necə istifadə olunur? Süni intellekt əsaslı virtual əməkdaşların tətbiqi planlaşdırılırmı?

“Cebheinfo.az” bununla əlaqədar dövlət orqanları (qurumları) arasında sorğu keçirib.

*Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən sualımıza cavab olaraq bildirilib ki, son dövrlərdə dövlət idarəçiliyində rəqəmsallaşma prosesinin genişlənməsi və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi ictimai xidmətlərin daha çevik, əlçatan və effektiv formada təşkilinə yeni imkanlar açır:

“Səhiyyə sektoru da bu transformasiyanın əsas istiqamətlərindən biridir. Dünyanın bir çox ölkəsində süni intellekt əsaslı virtual həllər vətəndaşlarla kommunikasiya, məlumatlandırma, ilkin istiqamətləndirmə və ictimai sağlamlıqla bağlı operativ bildirişlərin çatdırılması məqsədilə uğurla tətbiq edilir.

Bu baxımdan, Səhiyyə Nazirliyi rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması çərçivəsində süni intellekt əsaslı virtual əməkdaşların tətbiqini perspektiv və prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.

Belə texnologiyalar gələcəkdə vətəndaşların peyvəndləmə prosesi ilə bağlı məlumatlandırılması, profilaktik tədbirlərin təşviqi, epidemiyalar və mövsümi xəstəliklərlə bağlı operativ xəbərdarlıqların çatdırılması, eləcə də səhiyyə xidmətləri barədə maarifləndirici məlumatların təqdim olunması baxımından geniş istifadə imkanlarına malikdir.

Eyni zamanda, süni intellekt həlləri vətəndaş müraciətlərinin daha sürətli cavablandırılması, tez-tez ünvanlanan suallar üzrə avtomatlaşdırılmış məlumat xidmətlərinin təşkili, sağlamlıqla bağlı ictimai məlumatlandırmanın operativ şəkildə aparılması və rəqəmsal səhiyyə xidmətlərinə əlçatanlığın artırılması kimi istiqamətlərdə əhəmiyyətli üstünlüklər yaradır və bu sahədə beynəlxalq təcrübə aktiv şəkildə öyrənilir.

Bu cür texnologiyaların tətbiqi vətəndaş məmnunluğunun yüksəldilməsinə və səhiyyə sistemində kommunikasiya mexanizmlərinin daha səmərəli qurulmasına birbaşa töhfə verəcək.

Hazırda nazirlikdə süni intellekt əsaslı rəqəmsal kommunikasiya həllərinin tətbiqi ilə bağlı hazırlıq və qiymətləndirmə işləri davam etdirilir. Layihə texniki və funksional mərhələdə olduğu üçün bu mərhələdə detallı məlumatın açıqlanması nəzərdə tutulmur.

İşlər yekunlaşdıqdan sonra layihə ilə bağlı ictimaiyyətə rəsmi və geniş məlumat təqdim ediləcək”.

*Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, son illər qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb:

““Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Agentliyin fəaliyyətinin optimallaşdırılması, idarəetmə mexanizmlərinin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, dövlət nəzarətinin gücləndirilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir.

Hazırda xidmətlər üzrə rəqəmsallaşma 90 faizə yaxınlaşıb. Aparılan tədbirlər nəticəsində idxal-ixrac prosedurunun bütün əsas mərhələləri artıq elektron müstəviyə keçirilib.

Qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılması, potensial risklərin qabaqlayıcı şəkildə müəyyən edilməsi və operativ reaksiya imkanlarının daha da genişləndirilməsi məqsədilə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində artıq ilkin müzakirələrə və konseptual qiymətləndirmələrə başlanılıb. Bu istiqamətdə hazırlanmış yol xəritəsi rəqəmsal xidmətlərin keyfiyyətini yüksəltməyə xidmət edəcək”.

*Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, 2024-cü ildə 2024–2026-cı illəri əhatə edən Süni İntellekt Strategiyası qəbul edilmişdir:

“Strategiya 5 əsas məqsədi əhatə edir ki, həmin istiqamətlərdən biri də “ASAN xidmət” mərkəzlərinin modernləşdirilməsi və xidmət proseslərində süni intellekt texnologiyalarının tətbiqidir.

Strategiya çərçivəsində vətəndaş müraciətlərinin ilkin cavablandırılması, xidmətlərin izahı, məlumatlandırma və istiqamətləndirmə proseslərində süni intellekt həllərinin tətbiqi üzrə konkret layihələr həyata keçirilir.

Bu istiqamətdə hazırda “108” Çağrı Mərkəzində zənglərin süni intellekt vasitəsilə ilkin cavablandırılması və yönləndirilməsi üzrə işlər aparılır və layihə yekunlaşmaq üzrədir.

Əsas məqsəd vətəndaş müraciətlərinin daha operativ cavablandırılması, xidmət əlçatanlığının artırılması və çağrı mərkəzinin iş yükünün optimallaşdırılmasıdır. Dövlət Agentliyinin Situasiya Mərkəzində  nöqsan hallarının süni intellekt vasitəsilə avtomatik aşkarlanması, qeydə alınması və təhlili həyata keçirilir. Bu texnologiyalar xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsi və problemlərin daha operativ aşkarlanmasına imkan yaradır.

“ASAN xidmət” mərkəzlərində vətəndaş axınının düzgün idarə olunması və sıxlıq olan zonaların müəyyən edilməsi məqsədilə "Kompüter Görməsi (Computer Vision)" əsaslı süni intellekt həlləri tətbiq edilir. Bu yanaşma vətəndaş axınının optimallaşdırılmasına və xidmət mühitinin daha səmərəli təşkilinə imkan yaradır.

"ASAN xidmət"də göstərilən xidmətlər üzrə imtina hallarının süni intellekt vasitəsilə də təhlili aparılır. Bu yanaşma imtina səbəblərinin sistemli şəkildə müəyyən edilməsinə, təkrarlanan problemlərin aşkarlanmasına və xidmət proseslərinin təkmilləşdirilməsinə imkan yaradır”.

Qeyd edilib ki, Dövlət Agentliyində süni intellekt əsaslı həllər digər sahələrdə də tətbiq olunur:

“Belə ki, “ASAN Viza” platformasında 2024-cü ildən etibarən süni intellekt əsaslı "sentiment analysis" (hiss təhlili) texnologiyası tətbiq edilir. 

Bu texnologiya vasitəsilə ölkəmizə gələn xarici qonaqların rəyləri avtomatik analiz olunur, məmnunluq səviyyəsi və əsas narahatlıqlar müəyyən edilir, təkrarlanan problemlər aşkarlanır və xidmətlərin təkmilləşdirilməsi üçün analitik məlumatlar formalaşdırılır.

“ASANİYƏ” Azərbaycanın ilk süni intellekt aparıcısı kimi 2 ildən çoxdur ki, ASAN TV-də “İnnovasiya xəbərləri” proqramı ilə fəaliyyət göstərir və yerli televiziya məkanında süni intellekt əsaslı xəbər təqdimatını həyata keçirir.

Dövlət Agentliyi tərəfindən açıq innovasiya modeli əsasında fəaliyyət göstərən "ASAN AI Hub'' platforması da istifadəyə verilmişdir. Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur.

Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar süni intellekt əsaslı həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.

Bu çərçivədə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ''ABAD'' publik hüquqi şəxsi üçün süni intellekt əsaslı bazar araşdırması aparan və məhsul etiketi hazırlayan alət üzrə çağırış elan edilmişdir.

“ASAN müraciət” informasiya sistemi üzrə daxil olan müraciətlərin avtomatik kateqoriyalaşdırılmasını həyata keçirən süni intellekt həlli istiqamətində də çağırış təşkil olunmuşdur. Hazırda təqdim edilmiş həllərin qiymətləndirilməsi və seçim prosesi davam edir.

Gələcək istiqamətlər çərçivəsində dövlət xidmətlərinin vətəndaşlara çatdırılması, vətəndaş məmnunluğunun ölçülməsi, müraciətlərin idarə olunması və fərdiləşdirilmiş xidmət yanaşmalarının formalaşdırılması məqsədilə süni intellekt (Sİ) əsaslı köməkçilərin və Sİ agentlərinin tətbiqi nəzərdə tutulur. 

Proaktiv xidmət modelləri, ağıllı analitika, xidmət davranışlarının təhlili və vətəndaş ehtiyaclarının əvvəlcədən müəyyən edilməsi kimi istiqamətlər üzrə də müvafiq texnoloji həllərin tətbiqi planlaşdırılır”.

*Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən deyilib ki, nazirlik tərəfindən həyata keçirilən Aqrar Süni İntellekt (ASİ) layihəsi aqrar sahədə data əsaslı idarəetmə və innovativ rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm nəticələr əldə etməkdədir:

“2024–2026-cı illəri əhatə edən layihə fermerlərin rifahının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadənin təmin edilməsini hədəfləyir.

Layihə çərçivəsində süni intellekt texnologiyaları əsasında məhsuldarlıq proqnozu, əkin yoxlamaları, suvarmanın idarə edilməsi, torpaq xəritələşdirilməsi, bitki sağlamlığına nəzarət və əkin sahələrinin optimallaşdırılması kimi müxtəlif istiqamətlər üzrə həllər hazırlanıb. Hazırda səkkiz əsas modul üzrə tədqiqat və texniki işlənmə işləri aparılıb, bir sıra modullar isə artıq praktiki istifadə mərhələsinə çatdırılıb.

Bitki sağlamlığı modulu vasitəsilə fermerin yetişdirdiyi bitki növünə uyğun olaraq xəəstəlik və zərərverici riskləri üzrə 72 saat əvvəldən xəbərdarlıqlar təqdim edilir.

Sistem bitki sağlamlığı ilə bağlı problemləri kritik həddə çatmadan öncə aşkarlayaraq fermerlərə vaxtında və operativ tədbirlər görmək imkanı yaradır.

Bu yanaşma məhsul itkilərinin qarşısının alınmasına, resurslardan daha səmərəli istifadəyə və məhsuldarlığın qorunmasına dəstək verir. Hazırlanan məhsuldarlıq proqnozu sistemi peyk təsvirləri, torpaq məlumatları və sahə göstəriciləri əsasında taxıl üzrə məhsuldarlığı əvvəlcədən qiymətləndirməyə imkan yaradır”.

Qeyd olunub ki, suvarmanın idarəedilməsi modulu vasitəsilə isə buxarlanma, yağıntı və torpaq nəmliliyi göstəriciləri analiz edilərək fermerlərə suvarma ilə bağlı vaxtında xəbərdarlıqlar göndərilməsi planlaşdırılır:

“İlkin nəticələrə əsasən, bu həll su ehtiyatlarından istifadənin səmərəliliyini təxminən 12 faiz artırmaqla yanaşı, məhsuldarlığın da orta hesabla 5 faiz yüksəlməsinə şərait yaradacaq.

Əkin yoxlamaları sistemi distant zondlama və peyk məlumatları vasitəsilə sahələrdə aparılan işlərin avtomatik izlənməsini təmin edir. Bu yanaşma yerində yoxlamaların sayını azaltmaqla inzibati xərclərin optimallaşdırılmasına, subsidiya proseslərinin sürətlənməsinə və məlumatların şəffaflığının artırılmasına imkan yaradır.

Layihənin əsas üstünlüklərindən biri də geniş data infrastrukturu üzərində qurulmasıdır. ASİ platformasında ortofoto çəkilişləri, torpaq analizləri, iqlim stansiyaları, dron məlumatları, distant zondlama və sahə məlumatları vahid məlumat bazasında birləşdirilir. Hazırda ölkə üzrə 180-dən çox iqlim stansiyasının məlumatları sistemə inteqrasiya olunub.

Layihə çərçivəsində artıq 1500-dən çox sahə üzrə torpaq analizləri aparılıb, 100-dən çox sahə səfəri həyata keçirilib və 600-dən çox fermer təqdim olunan rəqəmsal həllərdən istifadə etməyə başlayıb. Fermer reytinqi və bitki növləri modulları Yonca mobil tətbiqinə inteqrasiya edilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən ASİ layihəsinin növbəti mərhələsində mövcud modulların funksional imkanlarının genişləndirilməsi və həllərin ölkə üzrə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.

Layihənin uzunmüddətli məqsədi aqrar sahədə süni intellekt əsaslı qərarvermə mexanizmlərinin standartlaşdırılması və Azərbaycanın regionda aqrar texnologiyalar üzrə lider mövqeyinin gücləndirilməsidir”.

*Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə vurğulayıb ki, rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi daim diqqət mərkəzində saxlanılır:

“Son illər sosial sahədə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, proaktiv xidmət mexanizmlərinin tətbiqi və vətəndaş müraciətlərinin daha operativ cavablandırılması istiqamətində mühüm addımlar atılıb.

Bu istiqamətdə nazirliyin e-social.gov.az portalında “iDOST” süni intellekt həlli də vətəndaşlarla rəqəmsal kommunikasiyanın gücləndirilməsinə xidmət edir.

Sözügedən həll vasitəsilə vətəndaşlar sosial xidmətlər, elektron müraciət imkanları və digər istiqamətlərlə bağlı ilkin məlumatları daha operativ şəkildə əldə edə bilirlər. Bu yanaşma vətəndaşların məlumat əldəetmə imkanlarının genişləndirilməsi və xidmətlərə çıxışın daha rahat təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, süni intellekt texnologiyalarının sosial sahədə tətbiqi perspektivləri nazirlik tərəfindən davamlı şəkildə izlənilir, vətəndaşyönümlü innovativ xidmət modellərinin tətbiqi imkanları qiymətləndirilir”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

süni intellekt qurumlar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
cebheinfo.az

2Sources