Dünyada hipertoniya xəstələrinin sayı artmaqda davam edir.
Publika.az xəbər verir ki, bu barədə Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan qlobal meta-analizdə bildirilib.
Araşdırma 2000-2020-ci illəri əhatə edib və 119 ölkədən 6 milyondan çox yetkin insanın məlumatları əsasında aparılıb. Tədqiqatın nəticələrinə görə, 2020-ci ildə yüksək arterial təzyiqdən əziyyət çəkən insanların sayı təxminən 1,7 milyarda çatıb. Bu isə dünya əhalisinin təxminən 33 faizini təşkil edir.
Məlumata görə, son 20 ildə regionlar arasında ciddi fərq müşahidə olunub. Yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri yaş üzrə təxminən 2-3 faiz azalsa da, aşağı və orta gəlirli ölkələrdə əksinə, təxminən 6 faiz artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu artım əsasən aşağı gəlirli ölkələrdə əhalinin çoxalması hesabına baş verib. Nəticədə hipertoniya xəstələrinin sayı yüz milyonlarla artıb.