EN

Varqas “Neftçi”dən ayrılır? - Saytımıza şübhəli açıqlama verdi

Freddi Varqası “Neftçi” üçün tapıntı adlandıra bilərik.

Venesueladan olan yarımmüdafiəçi-hücumçu ortaya qoyduğu oyunla həm komandasına kömək edir, həm də azarkeşlərin könlünə yol tapmaqdadır.

Etiraf edək ki, hazırkı “Neftçi”ni Varqassız təsəvvür etmək çətindir.

Lakin bir əmma var ki, “10 nömrə” ağ-qara formanı icarə əsasında geyinir.

Müqavilə ilə İsrailin “Makkabi” (Netanya) klubuna məxsus olan futbolçunun paytaxt təmsilçisi ilə sözləməsinin müddəti bu ilin iyun ayına qədərdir.

“Neftçi”onu heyətinə qatmaq üçün ilk növbədə özünün, daha sonra klubun razılığını almalıdır ki, uğurlu sezon keçirən oyunçunu birdəfəlik transfer etmək ciddi məbləğ tələb edir. Həm özünə, həm də “Makkabi”yə hər ikisini razı salan məbləği vermək gərəkir.

Səbəbkarın özü bu barədə nə düşünür? Karyerasını “Neftçi”də davam etdirməyə isti yanaşır, yoxsa uğurlu mövsümdən sonra daha səviyyəli İsrail çempionatında oynamaq istəyir?

Freddi Sportinfo.az-ın mövzu ilə bağlı sualına cavab verməkdə çətinlik çəkib:

“İndi bu barədə nə deyəcəyimi bilmirəm. Üzrlü sayın, bu suala cavab verə bilməyəcəyəm”.

İsraildəki siyasi vəziyyəti, yəni müharibə şəraitini Varqasın yadına salanda, cavabı ikibaşlı oldu:

“Sırf müharibə şəraitinə görə ora qayıtmaq istəmərəm. Lakin İsrail çempionatı həqiqətən güclüdür”.

27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

HƏBİB

Chosen
27
sportinfo.az

1Sources