EN

"Merkel kartı" və Kremlin Donbas şərti: Avropa Moskva ilə yeni danışıqlara hazırlaşır - "Deutsche Welle"

 
Brüssel mümkün danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etdiyi vaxt Kreml Ukraynadan Donbasdan geri çəkilməsini tələb edir...
 
Avropa İttifaqı mayın sonunda Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün danışıqları müzakirə etməyə hazırlaşır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Şröder variantı niyə qəbul olunmur?
 
Nəşr yazır ki, əsas suallardan biri isə Avropanı bu prosesdə kimin təmsil edəcəyidir. Rusiya prezidenti Vladimir Putinin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin namizədliyini gündəmə gətirməsindən sonra Berlin və Brüsseldə müxtəlif ssenarilər müzakirə olunur.
Lakin Almaniya və Ukrayna hakimiyyətləri Şröderin mümkün vasitəçi roluna qarşı çıxırlar. Səbəb onun Rusiya ilə yaxın münasibətlərini tam dayandırmaması və Vladimir Putinlə şəxsi əlaqələrini qorumasıdır. 
 
Ekspertlər hesab edir ki, Şröderə həm Almaniyada, həm də Ukraynada ciddi etimadsızlıq var. Müharibənin əvvəlində onun Moskva və İstanbul arasında qeyri-rəsmi vasitəçilik cəhdləri də mübahisəli qiymətləndirilir.
 
Müzakirə olunan digər variantlardan biri Almaniya prezidenti Frank-Valter Ştaynmayerdir. O, əvvəllər Donbas danışıqlarında iştirak edib və Rusiyanın siyasətini daha sərt tənqid edən siyasətçi kimi tanınır. Bununla belə, Kiyevin onun namizədliyinə necə yanaşacağı hələ də açıq qalır.
"Merkel kartı" ön plana çıxır
 
Analitiklərin fikrincə, hazırda ən real namizəd keçmiş kansler Angela Merkeldir. Merkel son dövrlərdə Rusiya ilə dialoqun vacibliyini vurğulasa da, Moskvanın siyasətini açıq şəkildə müdafiə etmir. O hesab edir ki, "danışıqlar olmadan müharibə bitməyəcək".
Merkel Minsk razılaşmalarını müəyyən mərhələdə uğurlu hesab edir və Rusiya ilə təmasların tam dayandırılmasının çıxış yolu olmadığını düşünür. Buna baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski əvvəllər onu "Şimal axını-2" layihəsi və Moskva ilə münasibətlərə görə tənqid edib.
 
Ekspertlər bildirir ki, Merkel həm Avropada, həm də Moskvada daha ciddi siyasi fiqur kimi qəbul olunur. Alman siyasi şərhçilərinin fikrincə, əgər Kreml onun namizədliyinə razılaşsa, bu, Avropa üçün ən güclü kompromis variantı ola bilər.
 
Kreml Donbas tələbini yenidən gündəmə gətirir
Bu fonda Moskva Ukraynaya qarşı şərtlərini yenidən sərtləşdirib. Kremlin sözçüsü Dmitri Peskov son bir həftədə artıq üçüncü dəfə bəyan edib ki, Kiyev Donbasdan qoşunlarını çıxarmalıdır. Onun sözlərinə görə, yalnız bundan sonra atəşkəs və danışıqlar mümkün ola bilər.
 
Putinin köməkçisi Yuri Uşakov da bildirib ki, Ukrayna Donetsk və Luqansk vilayətlərinin tam nəzarətini Rusiyaya verməyincə ciddi danışıqlardan söhbət gedə bilməz. Moskva 2022-ci ildə keçirilmiş qondarma "referendumlar" əsasında bu əraziləri Rusiya ərazisi hesab etdiyini vurğulayır.
 
Beləliklə, Avropa mümkün vasitəçi fiquru axtardığı vaxt Kreml danışıqlar üçün əsas şərt kimi Donbas məsələsini ön plana çıxarır. Bu isə yaxın aylarda diplomatik prosesin son dərəcə mürəkkəb keçəcəyini göstərir.
Chosen
86
38
moderator.az

10Sources