EN

Qafqazda yeni oyun: sərhədlər açılır, balans dəyişir

ain.az bildirir, Bizimyol portalına istinadən.

2022-ci ildən davam edən Türkiyə–Ermənistan normallaşma prosesi çərçivəsində tərəflər arasında birbaşa ticarətin başlaması üçün tələb olunan bürokratik prosedurlar artıq tamamlanıb. Paralel olaraq sərhədlərin açılması istiqamətində texniki və inzibati hazırlıqlar mərhələli şəkildə davam etdirilir.

Yeni qərara əsasən, Türkiyə üzərindən həyata keçirilən daşınmalarda marşrut və təyinat məlumatlarının rəsmi sənədlərdə “Ermənistan/Türkiyə” kimi qeyd olunmasına imkan yaradılıb.

Bu proses Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq mərhələsinin başlanğıcı hesab oluna bilərmi?

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, Ermənistanda seçkilərin yaxınlaşması və Avropa siyasi ictimaiyyətinin bu ölkədə genişmiqyaslı toplantı keçirməsi fonunda diqqət yenidən Türkiyə–Ermənistan münasibətlərinə yönəlib. Türkiyənin Ermənistanda vitse-prezident səviyyəsində təmsil olunması Ankara–İrəvan xəttində yeni mərhələnin başlanması ilə bağlı gözləntiləri artırıb. Türkiyə hər zaman Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh modelini dəstəkləsə də, regionda baş verən geosiyasi proseslər, xüsusilə, İran–ABŞ qarşıdurmasının Yaxın Şərqə və Cənubi Qafqaza təsiri bu məsələnin aktuallığını daha da artırıb.

Politoloq bildirib ki, son addımlar illərdir müzakirə olunan regional inteqrasiya modelinin artıq praktik mərhələyə keçdiyini göstərir.

Bürokratik maneələrin aradan qaldırılması və 11 may tarixindən etibarən ticarətin rəsmi status alması təkcə iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi deyil, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişə biləcək mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

“Bu proses ilk növbədə “üçtərəfli sülh” konsepsiyasına ciddi töhfə verə bilər. Türkiyə, Ermənistan və Azərbaycan arasındakı münasibətləri bir-birindən ayrı şəkildə qiymətləndirmək mümkün deyil. Ticarətin rəsmiləşdirilməsi Ermənistanın regional layihələrdən – enerji və nəqliyyat xətlərindən kənarda qalmaq qorxusunu zəiflədə, eyni zamanda Azərbaycanla sülh danışıqlarına psixoloji baxımdan müsbət təsir göstərə bilər. Bu isə regionu münaqişə zonasından iqtisadi əməkdaşlıq və rifah məkanına çevirmək potensialına malikdir. Türkiyənin bu addımı atarkən Azərbaycan və Ermənistan arasındakı gələcək iqtisadi münasibətləri də nəzərə aldığı vurgulanır” - deyə Hasan Oktay bildirib.

O deyib ki, məsələnin başqa mühüm tərəfi isə sosial etimad mühitinin formalaşdırılmasıdır. Bürokratik səviyyədən sahə fəaliyyətinə qədər həyata keçirilən etimad quruculuğu tədbirləri hər iki cəmiyyətdə uzun illər formalaşmış “qapalı sərhəd” psixologiyasını zəiflədə bilər.

Politoloqun fikrincə, ticarət marşrutlarının “Ermənistan/Türkiyə” kimi rəsmiləşdirilməsi siyasi tanınmadan daha çox iqtisadi qəbul və qarşılıqlı maraq modelini ortaya qoyur. Bu isə sərhəd bölgələrində yaşayan əhalinin rifahına müsbət təsir göstərə və radikal ritorikanın yerini iqtisadi rasional yanaşmaya verməsinə səbəb ola bilər.

Hasan Oktay deyib ki, prosesin regional güc balansına təsiri də xüsusi diqqət çəkir. Türkiyənin Ermənistan üçün Qərbə və qlobal bazarlara açılan alternativ qapıya çevrilməsi İrəvanın xarici siyasətdə yalnız bir neçə mərkəzdən asılılığını müəyyən qədər balanslaşdıra bilər: “Eyni zamanda üçüncü ölkələr üzərindən həyata keçirilən ticarətin birbaşa mexanizmlərlə əvəzlənməsi logistika xərclərini azaldaraq Cənubi Qafqazı beynəlxalq təchizat zənciri üçün daha cəlbedici bölgəyə çevirə bilər. Sərhədlərin açılması istiqamətində texniki və inzibati işlərin mərhələli şəkildə davam etdirilməsi isə göstərir ki, proses tələsik deyil, nəzarətli və strateji şəkildə aparılır. Bu yanaşma mümkün təxribat risklərini minimuma endirməklə yanaşı, hər yeni addımın növbəti daha böyük siyasi qərarlar – tam diplomatik münasibətlərin qurulması və regional inteqrasiyanın dərinləşdirilməsi üçün zəmin yaratmasına hesablanıb”.

Hasan Oktay hesab edir ki, bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda mövcud status-kvo artıq əvvəlki kimi davamlı hesab edilmir və iqtisadi rasional yanaşma siyasi böhranların həllində əsas alətlərdən birinə çevrilir.

Politoloqun fikrincə, “Qafqaz evi” kimi inklüziv regional modellərin reallaşması üçün də məhz bu cür inteqrasiya prosesləri vacib sayılır. Türkiyə isə Avropa Birliyi, Rusiya və ABŞ arasındakı həssas balansı nəzərə alaraq, regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanla birlikdə üçtərəfli sülh modelini dəstəkləyir və hesab edir ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında formalaşacaq uzunmüddətli əməkdaşlıq regionun əsas problemlərinin həllinə ciddi təsir göstərə bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
81
50
bizimyol.info

10Sources