EN

Azərbaycan həm Qərblə, həm də İranla işləyə bilən nadir regional aktorlardan biri rolunda  

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Seyid Abbas Əraqçi arasında bu gün telefon danışığı baş tutub.  Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.

ABŞ-İran gərginliyinin davam etdiyi indiki zamanda Azərbaycanla İrana arasında nazirlər səviyyəsində intensiv danışıqların, fikir mübadiləsinin aparılması ABŞ-İran qarşıdurmasına hansısa müsbət təsirlər göstərə bilərmi? Regionun açar ölkələrindən olan Azərbaycan ABŞ ilə yaxşı əməkdaşlıq münasibətlərinə malikdir.

Vaşinqton İran məsələsində Azərbaycanın da mövqeyini nəzərə alırmı?
Politoloq

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, ABŞ-İran gərginliyinin artdığı bir dövrdə Azərbaycan və İran xarici işlər nazirləri arasında intensiv təmasların davam etməsi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın regionda sabitlik və balans siyasətini qorumağa çalışdığını göstərir:

“Ceyhun Bayramov ilə Seyid Abbas Əraqçi arasında aparılan müzakirələr həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik baxımından əhəmiyyət daşıyır. Azərbaycanın burada əsas marağı regionda yeni hərbi eskalasiyanın qarşısını almaqdır. Çünki İran ətrafında mümkün böhran və ya hərbi toqquşma Cənubi Qafqaza da ciddi təsir göstərə bilər. Bu baxımdan Bakı diplomatik həll variantlarını dəstəkləməklə həm öz təhlükəsizlik maraqlarını qoruyur, həm də regional sabitliyə töhfə verməyə çalışır. Azərbaycanın “münaqişənin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyirik” mesajı da məhz bu xəttin davamıdır”.

Azərbaycanın ABŞ ilə münasibətlərinə gəldikdə isə politoloq qeyd edib ki, Bakı Vaşinqton üçün regionda önəmli tərəfdaşlardan biridir:

“Xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhliz, regional logistika məsələlərində Azərbaycan ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Vaşinqton Azərbaycanın regionla bağlı yanaşmalarını və təhlükəsizlik narahatlıqlarını nəzərə almağa çalışır. Lakin bu, o demək deyil ki, ABŞ İran siyasətini tamamilə Azərbaycanla razılaşdırır. Daha doğru yanaşma budur ki, ABŞ Azərbaycanı regiondakı mühüm informasiya və siyasi balans mərkəzlərindən biri kimi qiymətləndirir. Digər mühüm məqam Azərbaycanın həm Qərblə, həm də İranla işləyə bilən nadir regional aktorlardan biri olmasıdır. Bakı Tehranla münasibətləri tam qarşıdurma müstəvisinə keçirmədən idarə etməyə çalışır, eyni zamanda ABŞ və Qərblə strateji əməkdaşlığını davam etdirir. Bu balans siyasəti müəyyən mənada Azərbaycanın vasitəçi və ya kommunikasiya kanalı rolunu oynamaq imkanlarını da artırır. Burada söhbət daha çox gərginliyin regiona yayılmasının qarşısını almaq, yanlış anlaşmaları azaltmaq və diplomatik dialoq üçün əlverişli mühitin saxlanılmasına töhfə verməkdən gedir. Xüsusilə qonşu dövlət kimi Azərbaycanın İrana “regional sabitlik hamının marağındadır” mesajını verməsi, paralel olaraq Qərblə təmaslarını qoruması müəyyən yumşaldıcı rol oynaya bilər.

Bu mənada Azərbaycan diplomatik baxımdan körpü rolunu oynamağa çalışan ölkələrdən biri kimi görünür və Vaşinqton da Bakının regionla bağlı qiymətləndirmələrinə müəyyən diqqət ayırır”.

 

Etibar Seyidağa,

Musavat.com

Chosen
26
musavat.com

1Sources