EN

Samir Vəliyev: “Azərbaycanın iradəsi ilə irəli sürülən sülh gündəliyi regional inkişafın əsas istiqamətini müəyyənləşdirir”

“Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradaraq regionda yeni siyasi-təhlükəsizlik arxitekturasının formalaşmasına nail olub. Dövlətimizin  suverenliyinin və ərazi bütövlüyünün bərpası yalnız hərbi qələbə ilə məhdudlaşmadı, eyni zamanda bölgədə uzun illər davam edən qeyri-müəyyənliyə son qoyan fundamental geosiyasi konfiqurasiya yaratdı. Bu gün məhz Azərbaycanın iradəsi ilə irəli sürülən sülh gündəliyi regional inkişafın əsas istiqamətini müəyyənləşdirir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

 

Deputat bildirib ki, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya imkanları və təhlükəsizlik mexanizmləri Bakının müəllifi olduğu sülh prosesinin tərkib hissəsidir: “Ötən ilin avqustunda Vaşinqtonda özünün beynəlxalq təsdiqini tapan sülh planı Bakının müəllifliyi ilə yeni gələcək vəd edir. Sülh sazişinin paraflanması, sabitliyin əldə olunması, kommunikasiya sistemlərinin açılması ilə bağlı mövqelərin uzlaşdırılması, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses göstərir ki, Azərbaycanın səyləri öz bəhrəsini verir. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik: “Biz istəməsəydik, sülh olmayacaqdı””.

 

 

Deputat vurğulayıb ki, Azərbaycanın heç vaxt kiminsə torpağını ələ keçirmək kimi bir məqsədi olmayıb: “Bizim siyasətimiz sülhə, sabitliyə və əməkdaşlığa əsaslanır. 2020-ci ildə tarixi  Zəfər Ermənistanı diz üstə çökdürmüşdü. Məhz o şəraitdə belə Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi – yalnız öz torpaqlarını işğaldan azad etməklə kifayətləndi. Azərbaycan bütün dünyaya göstərdi ki, ədalət uğrunda mübarizə həm də sülh uğrunda mübarizədir. Azərbaycan gücünü Vətən müharibəsində göstərdi – həm Ermənəistan, həm də dəstəkçiləri, havadarları anladılar ki, Azərbaycan bölgədə aparıcı gücdür. Dövlət başçısı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik: “Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana””.

 

 

Samir Vəliyev qeyd edib ki, dövlətimizin  Cənubi Qafqazda formalaşdırdığı yeni transformasiya, inkişaf və sabitlik bir sıra dairələrin regiondakı maraqlarını pozur: “Ermənistanda Avropanın  "müşahidə" adı altında casus missiyasının yerləşdirilməsi həmin dairələrin bölgə ilə bağlı məkrli məqsədlərinin tərkib hissəsidir. Bu missiya Fransanın layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin  Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərgin şəraitdə saxlamaqdır. Aİ-nin ard-arda missiya adı altında fərqli qrupları Ermənistana yerləşdirilməsi də məlum qüvvələrin süh prosesini əngəlləmək cəhdlərindən biridir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. “Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə”,-deyə dövlətimizin başçısı vurğulayıb. Azərbaycan sülhə sadiqdir. Dövlətimizin mövqeyi bunu hər zaman təsdiqləyir. Regionda dayanıqlı sülhün təmin olunması üçün İrəvan sülh prosesinə sadiq olmalı, kənar qüvvələrin alətinə çevrilməməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 May 2026, 13:27   
Chosen
78
pravda.az

1Sources