EN

Deputat: "Azərbaycan qazandıqlarını konsolidasiya edir, xarici müdaxiləyə isə açıq şəkildə meydan oxuyur”

 

“Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bundan başqa, sərhəddə yerləşdirilən Avropa müşahidəçilərinin vəziyyəti sabitləşdirmək yox, gərginliyi artırmaq məqsədi daşıdığı və bu "binokl diplomatiyası" qəbuledilməzdir. Prezident İlham Əliyev daha əvvəl də açıq şəkildə bildirib ki, Fransanın bir tərəfdən diplomatik normaları pozan, təhqirlərlə dolu bəyanatları, digər tərəfdən vasitəçilik iddiası heç bir məntiqlə uyuşmur. Bizə belə vasitəçilər lazım deyil. Kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputatın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib: “Mayın 3-5-də İrəvanda bir sıra tədbirlərdə iştirak edən Makron Ərdoğanla görüşmək üçün bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək siyasi cəhətdən rəmzi jest etməyi planlaşdırmışdı. Məsələ Türkiyə dövlət başçısı səviyyəsinə çıxarıldıqdan sonra Ərdoğan strateji müttəfiq olan Azərbaycanla məsləhətləşmələr aparıb. Bundan sonra Makrona Ermənistan-Türkiyə quru sərhədini keçməyə icazə verilməyib. Makronun 30 ildən artıqdır bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi ikitərəfli kommunikasiyaların üçüncü tərəf vasitəsilə açılması kimi presedentsiz siyasi jest ola bilərdi. Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində ciddi nəticə əldə etməyən Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları ilə real imkanları arasındakı fərqi bir daha nümayiş etdirdi. Bu hadisəni bir neçə müstəvidə dəyərləndirmək olar. Birincisi, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyini göstərir ki, Bakının mövqeyi Ankaranın qərarına birbaşa təsir etdi. İkincisi, Makronun Cənubi Qafqazda vasitəçi kimi qəbul edilmədiyini, onun addımlarının ən azı Azərbaycan tərəfindən "PR-aksiyası" kimi qiymətləndirildiyi aydın olur. Üçüncüsü, Zəngilan kimi azad edilmiş torpaqda bu açıqlamaların verilməsi özlüyündə simvolik mesaj idi, Azərbaycan qazandıqlarını konsolidasiya edir, xarici müdaxiləyə isə açıq şəkildə meydan oxuyur”.

 

Şəhanə Quliyeva

Tarix: 11 May 2026, 16:16   
Chosen
64
pravda.az

1Sources