EN

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının

taleyində, müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış

dahi şəxsiyyətdir. Ulu Öndərin zəngin dövlətçilik irsi və uzaqgörən siyasi

kursu ölkəmizin davamlı inkişafının möhkəm təməlini formalaşdırmış, xalqımızın

gələcək inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyev regionların sosial-iqtisadi

inkişafını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək,

Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən mühüm strateji əsaslar

yaratmışdır. Onun diqqət və qayğısını daim hiss edən bölgələrdən biri də qədim

tarixi, zəngin kənd təsərrüfatı potensialı və əməksevər insanları ilə seçilən Bərdə

olmuşdur.

Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərində

Bərdə rayonuna münasibəti strateji baxış, iqtisadi dirçəliş modeli və bölgə

insanına olan xüsusi etimadın təzahürü idi. Xüsusilə 1970–1980-ci illərdə Azərbaycanın

kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı islahatlarda Bərdə əsas mərkəzlərdən

biri kimi ön plana çıxmışdı.

 

Arxiv materiallarına əsasən o dövrün statistik

göstəriciləri və kənd təsərrüfatı hesabatları göstərir ki, məhz Ulu Öndər Heydər

Əliyevin rəhbərliyi illərində Azərbaycanda pambıqçılıq yeni inkişaf mərhələsinə

qədəm qoymuşdu. Ulu Öndər pambığı təsadüfi olaraq “ağ qızıl” adlandırmırdı. O

bilirdi ki, pambıqçılıq minlərlə ailənin rifahı, kəndlərin sosial inkişafı və

region iqtisadiyyatının hərəkətverici qüvvəsidir.

Həmin dövrdə Bərdə pambıq istehsalında

respublikanın aparıcı rayonlarından birinə çevrilmişdi. Rayonda yeni suvarma

sistemləri qurulur, meliorasiya layihələri həyata keçirilir, kənd təsərrüfatı

texnikaları yenilənirdi. Kolxoz və sovxozların maddi-texniki bazası gücləndirilir,

kənd insanının əməyinə dövlət səviyyəsində yüksək qiymət verilirdi.

 

Tarixi mənbələr göstərir ki, Ulu Öndər Heydər

Əliyev sovet dövründə müxtəlif illərdə dəfələrlə Bərdə rayonuna səfərlər edib,

kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə yerində maraqlanıb, pambıqçı və

zəhmət adamları ilə birbaşa görüşlər keçirib. Həmin səfərlər formal xarakter

daşımırdı. Ulu Öndər hər zaman bölgələrin real problemlərini yerində öyrənməyi,

qərarları xalqın içində verməyi üstün tuturdu. Xüsusilə Bərdənin pambıqçılıq

potensialı onun diqqət mərkəzində olub və rayonun aqrar inkişafı üçün mühüm

dövlət qərarları qəbul edilib.

Bu gün də pambıqçılıq Azərbaycanın strateji kənd

təsərrüfatı sahələrindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Çünki

pambıqçılıq regionlarda məşğulluğun artırılması, kənd əhalisinin sosial

rifahının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm

rol oynayır. Dövlət tərəfindən bu sahəyə verilən subsidiyalar, texniki dəstək,

yeni emal müəssisələrinin yaradılması və fermerlərə göstərilən güzəştlər bir

daha göstərir ki, vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar inkişaf

siyasəti bu gün də uğurla davam etdirilir. Xüsusilə möhtərəm cənab

Prezidentimiz İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən

diqqət pambıqçılığın yenidən ölkə iqtisadiyyatında önəmli mövqe qazanmasına səbəb

olub.

 

Ulu Öndər Heydər Əliyev üçün regionların

inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki,

güclü kənd təsərrüfatı üçün ilk növbədə sosial infrastruktur qurulmalıdır. Məhz

buna görə də Bərdədə yollar çəkildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri

istifadəyə verildi, enerji və su təminatı gücləndirildi.

1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində

Bərdə rayonunda aparılan tikinti və abadlıq işləri regionun simasını dəyişmişdi.

Arxiv fotolarında və sənədlərdə həmin dövrdə rayonda tikilən inzibati binalar,

istehsal müəssisələri, yeni yaşayış massivləri bu inkişafın canlı sübutu kimi

qalır.

Ən vacib məqamlardan biri isə insanların gələcəyə

inamının formalaşması idi. Çünki Ulu Öndərin siyasətində əsas amil insan

faktoru idi. O, bölgə insanının zəhmətini dövlətin gücü hesab edirdi.

 

Bu gün Azərbaycanın regionlarının inkişaf

modelinə baxdıqda, onun təməlində məhz Heydər Əliyev məktəbinin dayandığını

aydın görürük. Müasir Azərbaycanın regional inkişaf konsepsiyası, kənd təsərrüfatına

dövlət dəstəyi, aqrar sahənin yenidən prioritetə çevrilməsi həmin siyasətin

davamıdır.

Bu siyasət bu gün də möhtərəm cənab

Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad

olunmuş ərazilərdə həyata keçirilən aqrar layihələr, kənd təsərrüfatının

modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramları Ulu Öndərin

müəyyən etdiyi strateji xəttin müasir mərhələdəki davamıdır.

 

Mayın 10-da Azərbaycan xalqı Ulu Öndər Heydər

Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edir. Bu tarix dövlətçilik məktəbinin,

xalqına bağlı liderlik nümunəsinin və milli inkişaf strategiyasının simvoludur.

Bölgələrin inkişaf tarixinə baxdığımızda bir həqiqət

aydın görünür ki, Ulu Öndər hər rayonda Azərbaycanın gələcəyini görürdü.

 

Bu gün Bərdənin tarlalarında, kəndlərində,

insanların dövlətə bağlılığında, zəhmətə verilən dəyərdə həmin siyasətin izləri

yaşayır.

 

Çünki bəzi liderlər təkcə ölkə idarə etmir.

Onlar tarix yazırlar.

 

Fatma YILDIRIM,

 

Milli Məclisin deputatı.

Chosen
75
3
azerbaijan-news.az

4Sources