EN

İran Hörmüz boğazına nəzarəti gücləndirir:Tankerlərdən xüsusi bəyannamə tələb olunacaq

İran Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək məqsədilə tanker sahiblərindən xüsusi “Gəmi Məlumat Bəyannaməsi” doldurmağı tələb etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə sənədi əldə edən CNN məlumat yayıb.

Armenpressnin yaydığı məlumata görə, 40-dan çox sualdan ibarət sənəd İran hakimiyyətinin mayın 5-də yaratdığı Fars Körfəzi İşləri İdarəsi tərəfindən hazırlanıb.

Bəyannamədə gəminin adı və identifikasiya nömrəsi, əvvəlki adı, mənşə və təyinat ölkəsi barədə məlumatların göstərilməsi tələb olunur.

Bundan əlavə, gəmi sahiblərinin, operatorlarının və heyət üzvlərinin vətəndaşlığı, həmçinin daşınan yüklə bağlı ətraflı məlumatın təqdim edilməsi də məcburi olacaq.

Məlumata görə, bütün bu informasiyalar gəmi Hörmüz boğazından keçməzdən əvvəl qurumun elektron poçt ünvanına göndərilməlidir.

CNN-in əldə etdiyi elektron məktubda qeyd olunub ki, “müraciət edən şəxs yanlış və ya natamam məlumat təqdim etdiyinə görə məsuliyyət daşıyır və bundan yaranan nəticələrə görə cavabdeh olacaq”.

Sənəddə İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq edib-etməyəcəyi barədə konkret məlumat yer almasa da, kanalın qeydinə görə, Tehran hakimiyyəti bunu potensial gəlir mənbəyi kimi qiymətləndirib.

Bildirilir ki, əldə ediləcək vəsait ABŞ və İsrailin bombardmanlarından sonra ölkənin yenidən qurulmasına yönəldilə bilər.

CNN-in məlumatına əsasən, İran hər gəmi üçün 2 milyon dollara qədər ödəniş tələb edə bilər.

Aminə ŞAHSUVARQIZI

Chosen
51
18
redaktor.az

10Sources