EN

Tanınmış jurnalist Prezidentə müraciət etdi 

14 ildir fəaliyyət göstərən Sportlife.az saytının girişi bloklanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə həmin saytln təsisçisi və baş redaktoru Mirələm Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Onun paylaşımını təqdim edirik:

“14 ildir fəaliyyət göstərən Sportlife.az saytı ölkənin idman siyasətinə dəstək verən media orqanlarından biri olub. Biz bu illər ərzində həm uğurları işıqlandırmışıq, həm də problemləri gündəmə gətirmişik. Hesab etmişik ki, sağlam tənqid inkişafın ayrılmaz hissəsidir.

Dünəndən etibarən saytın fəaliyyətində ciddi problemlər yaranmışdı. Bu gün isə Sportlife.az-a ölkə daxilindən girişin tam bloklandığı məlum oldu. 

Bir sözlə, yazdığımız tənqidi yazılar kimlərinsə marağına toxunub və saytı öz əlaqələri vasitəsilə bağlatdırıb!

MEDİA Agentliyi qərarın onlara aid olduğunu, saytın bloklanmasının isə Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən həyata keçirildiyini bildirir.

MEDİA Agentliyi səbəb kimi gündəlik 20 xəbər limiti qaydasının pozulmasını göstərir və bu əsasla saytın reyestrdən çıxarıldığı bildirir. Tutalım, belədir. Bəs saytın tam bloklanması nə deməkdir? Bu, hansı hüquqa, hansı məntiqə sığır?

Tənqidi yazılar kimlərisə niyə bu qədər narahat edir?  İllərlə fəaliyyət göstərən bir platformanın taleyi bir günün içində belə həll olunur? 

Buradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm.

Cənab prezident, xahiş edirəm bu məsələni şəxsi nəzarətə götürəsiniz. İllərdir fəaliyyət göstərdiyim media qurumunun işi bir günün içində iflic vəziyyətinə salınıb. Jurnalist fəaliyyətimə müxtəlif yollarla maneələr yaradılır.

Ümid edirəm ki, məsələyə obyektiv və ədalətli qiymət veriləcək, media azadlığı ilə bağlı yaranmış bu vəziyyət araşdırılacaq”.

 

Chosen
17
idmanxeber.az

1Sources