Bakıda hasarlanmış ərazinin qəzaya səbəb olduğu iddia edilir.
Publika.az xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə paytaxt ərazisində yerləşən 86 nömrəli məktəbin yaxınlığındakı ərazinin hasarlanması nəticəsində qəza baş verməsi iddiası ilə bağlı müraciət daxil olub. İddialara görə, yolun hərəkət hissəsi tutulub.
Ərazidə yaşayanlar və yaxınlıqda çalışanlar deyiblər ki, burada mütəmadi qəza şəraiti yaranır. Dəmir hasar sürücülərdə görüntü məhdudiyyəti yaratdığından qəzalar qaçılmaz olur.
Hasarlanmış ərazidə tikinti işləri aparan "İnam 2019" MMC-dir.
Şirkətdən bildirilib ki, sözügedən ərazi onların mülkiyyətindədir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilib: "Ərazi qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanıb. Hərəkətin təşkilinə heçbir maneə yaratmır”.