EN

Ceyhun Məmmədov: “İranda müəyyən qüvvələr bizim münasibətlərimizə xələl gətirməyə çalışırlar”

Təbrizdə İsrail və ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaranmış dağıntılar fonunda çəkilmiş görüntülər geniş səs-küyə səbəb olaraq narazılıq yaradıb. Yayılan videoda dağıdılmış binanın qarşısına bir qrup uşağın toplanaraq onlara Azərbaycan türkcəsində “Çaşma, Azərbaycan” mahnısının oxutdurulduğu açıq şəkildə görünür.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədovun sözlərinə görə, videodan açıq-aydın formada təxribat hiss olunur.

 

Deputat bildirib ki, bu kimi məsələlərdə hər kəs diqqətli olmalıdır: “Biz nəzərə almalıyıq ki, İran qonşumuzdur və biz İranla münasibətləri qorumalıyıq. Bu gün Azərbaycanın strateji marağı bu əlaqələrin qorunması və saxlanmasını zəruri edir. Heç bir halda bu cür təxribatlara getməli deyilik. Bu videonun yayılmasını mütləq şəkildə dövlətin mövqeyi kimi qəbul etməli deyilik. Yəni bu, sırf dövlətin mövqeyi deyil. Uzun müddətdir, bu mahnı var. Əvvəllər də davamlı olaraq səsləndirilib, video yayılıb. Təəssüf ki, İranda müəyyən qüvvələr var ki, onlar bizim münasibətlərimizə xələl gətirməyə çalışırlar və müxtəlif addımları atırlar. Amma biz bunlara getməli deyilik, münasibətləri qorumalıyıq, diqqətli olmalıyıq. Ancaq İran tərəfi də bu məsələlərdə diqqətli olmalıdır. İranla münasibətlərimizin çox gərgin, çətin dövləri olub. O dövrlərə qayıtmamaq üçün İran tərəfi də bu məsələyə aydınlıq gətirməlidir. Mövqeyini bildirməlidir ki, bu rəsmidir, ya kimsə bunu özbaşına edir... Bilirik ki, İranın daxilində heç də hamının Azərbaycana münasibəti eyni deyil. Fərqli münasibət, fərqli yanaşma var. Amma soyuqqanlı, təmkinli olmalıyıq. Məsələ tam aydınlaşana kimi hesab edirəm, münasibətlərin pisləşməsinə, gərginləşməsinə yönəlmiş heç bir addım atmalı deyilik. Bu məsələdə çox diqqətli, məsuliyyətli olmalıyıq”.

 

Şəhanə Quliyeva

Tarix: 5 May 2026, 14:51   
Chosen
16
1
pravda.az

2Sources