EN

Prezident İlham Əliyev: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb: “Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir”.

Dövlət başçısı siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb: “Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.

Prezident İlham Əliyev İtaliya bazarının bizim üçün çox maraqlı olduğunu diqqətə çatdırıb: “İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir”.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən birinin enerji sahəsi olduğunu deyib: “İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək”.

Ciorcia Meloni Prezidentlə razı olduğunu vurğulayıb ki, bütün bunlar istər son illərdə gözəçarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın genişmiqyaslı sərmayələrinin ayrılmasında görünür: “Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var”.

Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd edən Ciorcia Meloninin sözlərinə görə, enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.

Chosen
21
18
vergiler.az

10Sources