EN

Deputat: “Paşinyanın 2028-ci ildə Bakıda keçiriləcək tədbirdə iştirak edə biləcəyini qeyd etməsi normal və məntiqli yanaşmadır”

“Azərbaycan və Ermənistan arasında ciddi fikir ayrılığı yaradan əsas məsələlərin böyük hissəsi artıq aradan qaldırılıb. Azərbaycanın irəli sürdüyü əsas tələblər Ermənistan tərəfindən qəbul edilib və yekun sülh müqaviləsinin imzalanması istiqamətində işlər davam etdirilir. Bu baxımdan, İlham Əliyevin Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində onlayn formatda iştirak edərək çıxış etməsi əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində məhz videobağlantı formatında çıxış etməsinə münasibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, bu addım həm ölkələrarası münasibətlərdə etimad mühitinin gücləndirilməsinə, həm də sülhə gedən yolun sürətlənməsinə müəyyən töhfə verə bilər: “Onlayn iştirak formatı, eyni zamanda, tərəflər arasında hələ də müəyyən həssas məqamların qaldığını göstərsə də, dialoqun davam etdiyini nümayiş etdirir. Digər tərəfdən, Nikol Paşinyanın 2028-ci ildə Bakıda keçiriləcək tədbirdə iştirak edə biləcəyini qeyd etməsi də normal və məntiqli yanaşmadır. Bu cür bəyanatlar gələcəyə yönəlmiş siyasi siqnallar kimi qiymətləndirilə bilər. Çünki 2028-ci ilə qədər Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağı və iki ölkə arasında münasibətlərin normal qonşuluq səviyyəsinə yüksələcəyi gözlənilir. Bu baxımdan, həm qonşu, həm də aralarında sülh müqaviləsi imzalanmış iki müstəqil dövlət kimi dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi formalaşan yeni regional reallıqların tərkib hissəsi olacaq. Belə səfərlər yalnız siyasi dialoqun deyil, həm də iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və regional sabitliyin möhkəmlənməsinə xidmət edə bilər. Eyni zamanda, bu prosesin davamlı və uğurlu olması üçün tərəflərin əldə olunmuş razılaşmalara sadiq qalması, qarşılıqlı etimadın daha da dərinləşdirilməsi və beynəlxalq platformalarda konstruktiv əməkdaşlığın qorunması vacib amillər kimi qalır”.

 

Şəhanə Quliyeva

Tarix: 5 May 2026, 08:02   
Chosen
29
50
pravda.az

10Sources