EN

Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb

Tbilisi, 4 may, AZƏRTAC

Gürcüstanın aparıcı informasiya portalları, radio və televiziyaları İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin onlayn formatda çıxışından materiallar yayıblar.

AZƏRTAC xəbər verir ki, “interpressnews.ge” portalının dövlətimizin başçısının çıxışından gətirdiyi sitatda deyilir: “Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm”.

“1tv.ge” portalının və Birinci kanalın yaydığı materialda Azərbaycan ilə Ermənistan arasındakı sülh reallığı barədə məlumat verilir və növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifinin dəstəkləndiyi bildirilir. “Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” – deyə, Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda bildirilir.

Portalın yaydığı digər materialda deyilir: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.

“Imedinews.ge” portalında Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyası ilə bağlı fikirlərinə diqqət yetirilir: “Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Qeyd edək ki, “radiotavisupleba.ge”, “24news.ge”, “qafqazturk.com”, “apsny.ge”, “actual.ge” və daha bir neçə portal Azərbaycan Prezidentinin çıxışından oxşar materiallar yayıblar.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Chosen
43
3
azertag.az

10Sources