EN

Azərbaycanın sərt mövqeyi nəticə verdi - Kallas Bakıya "barışmağa" gəlir?

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın mayın 5-də Azərbaycana səfəri planlaşdırılır. Bu səfər regionda və beynəlxalq münasibətlər sistemində diqqətlə izlənilir. Bu da səbəbsiz deyil.

Son dövrlərdə Azərbaycanla Avropa strukturları arasında müşahidə olunan müəyyən gərginlik və qarşılıqlı etimadın zəifləməsi fonunda bu səfər tərəflər arasında dialoqun yenidən canlandırılması istiqamətində ciddi addım kimi çıxış edə bilər.

Səfərin əsas məqsədi, ehtimal ki, həm siyasi münasibətlərin mövcud vəziyyətini müzakirə etmək, həm də əməkdaşlıq perspektivlərini yenidən nəzərdən keçirməkdir. Azərbaycan Prezidenti və xarici işlər naziri ilə keçiriləcək görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik, Cənubi Qafqazda post-münaqişə dövrü, eləcə də tərəflər arasında yaranmış fikir ayrılıqları əsas müzakirə mövzuları sırasında ola bilər. Bununla yanaşı, Avropa Parlamentinin son qərarları və Azərbaycanın bəzi beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırması kimi məsələlərin də gündəmdə yer alacağı gözlənilir.

Mövcud soyuqluq fonunda bu səfər tərəflər üçün münasibətləri normallaşdırmaq və yeni əməkdaşlıq formatlarını müəyyənləşdirmək baxımından mühüm imkan yarada bilər. Diplomatik təmasların intensivləşməsi, qarşılıqlı maraqların yenidən uzlaşdırılması və etimad mühitinin bərpası baxımından Kaya Kallasın Bakı səfəri həm simvolik, həm də praktik əhəmiyyət daşıyır.

47575254_212953069651159_4245274867982663680_n.jpg

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a bildirdi ki, Avropa İttifaqı rəhbərliyinin son illərdə Azərbaycanla olan münasibətlərində soyuqluq hiss olunmayıb: Əksinə İttifaq rəhbərlərinin Bakıya səfərlərini xatırlasaq, ancaq pozitiv notlarla yadda qaldığını görə bilərik. Amma Avropa Parlamenti ilə bağlı eyni sözləri demək olmur. Çünki, ən azı 44 günlük müharibədən sonra bu günə qədər zaman-zaman qərəzli bəyanatlarını görmüşük. Hazırda gərginlik və soyuqluq məhz Avropa Parlamenti ilə gündəmdədir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Avropa Parlamenti ilə münasibətlərin dayandırılması ilə bağlı qərar verən Azərbaycan Milli Məclisidir. Yəni bu gün üçün əlaqələrin və kommunikasiyaların kəsilməsini yalnız parlamentlər arasında görə bilərik. Amma Aİ rəhbərliyi və Azərbaycanın siyasi rəhbərliyi arasında bildiyim və gördüyüm qədər münasibətlər əvvəlki səviyyədə davam edir. O səbəbdən Aİ rəhbərliyinin Azərbaycana baş tutacaq səfəri zamanı Avropa Parlamenti ilə bağlı məsələlərin də müzakirə olunacağı şübhəsizdir".

Ekspertin sözlərinə görə, görünən odur ki, AP-nin zaman-zaman qəbul etdiyi qərəzli bəyanatlara baxmayaraq ittifaq rəhbərliyinin Azərbaycanla strateji tərəfdaşlıq etmək istəkləri çox yüksəkdir: "O səbəbdən hazırda ortada olan soyuqluğun Aİ strukturunun bir qolu ilə olduğunu düşünürəm. Amma istənilən halda bu belə ikitərəfli münasibətlərə ciddi ziyan verə biləcək faktordur. O səbəbdən Avropa İttifaqı rəhbərliyi başda Ursula von der Layen olmaqla yaranmış problemin həlli istiqamətində ciddi işlər görməyə məcburdurlar. Digər tərəfdən Azərbaycan tərəfinin də üzərinə bu istiqamətdə işlər düşür. Avropa Parlamentinin 732 deputatına ayrılan kvotaya görə 27 Avropa İttifaqı ölkəsinin ayrı-ayrılıqda öz daxilində keçirdiyi seçkilərdə müəyyən olunur. Azərbaycan öz növbəsində bu ölkələrin əksəriyyəti ilə ikitərəfli ticarət əlaqələrinə malikdir. Hətta bir çoxu ilə bu münasibətlər daha da irəli gedib. Onların enerji təhlükəsizliyinin əsas hissəsini təmin edən bir ölkəyik. Azərbaycanla bağlı qəbul olunan qətnamələrə, bəyanatlara səs verən, ümumiyyətlə iclasda iştirak edən parlament üzvlərinin sayı əksər hallarda çox az olur. Amma istənilən halda bu cür məsələlərin müzakirəyə çıxarılması bizim üçün qırmızı xətt olduğu onların diqqətinə çatdırılmalıdır. Yəni burada səs çoxluğu məsələsi əsas deyil. Amma istənilən halda Azərbaycanın ikitərəfli strateji sahələr üzrə əməkdaşlıq etdiyi ölkələrin AP-də olan üzvləri buna münasibət bildirməlidirlər. Əks halda Azərbaycan həmin dövlətlərlə belə məsələləri müzakirə etməlidir və onların nümayəndələrinin bu şəkildə fəaliyyətinin ölkələr arasında münasibətlərə ciddi ziyan verəcəyi diqqətlərinə çatdırılmalıdır. Kaya Kallasın Bakı səfərində müzakirə olunacaq məsələlərdən biri də məhz Avropa Parlamentinin İttifaq ilə əlaqələrə kölgə sala biləcək fəaliyyəti olacaq".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
13
musavat.com

1Sources