EN

Regionda sabitlik mübarizəsi: real sülh, yoxsa ikili standartlar?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə, onu sabotaj etməyə yönəlir və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Onun sözlərinə görə, 2020-ci ildən bəri Avropa Parlamenti ölkəmizə qarşı 14 qətnamə qəbul edib və bu sənədlər böhtan və ikili standartlarla doludur. Dövlət başçısı həmçinin AŞPA və digər bəzi Avropa institutlarının Azərbaycanın ərazi bütövlüyü məsələsində qeyri-obyektiv yanaşma nümayiş etdirdiyini qeyd edib. Bu addımların sülh prosesinə və Azərbaycan–Avropa münasibətlərinə mənfi təsir göstərdiyi vurğulanıb.Avropa Parlamenti ilə münasibətlərin bu səviyyəyə çatması gələcək diplomatik dialoqa necə təsir edə bilər?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitində videoformatda iştirakı zamanı bir daha Ermənistan–Azərbaycan sülh gündəliyi ilə bağlı ölkəmizin prinsipial mövqeyini ortaya qoyub. Dövlət başçısı çıxışında Azərbaycanın sülh prosesinə sadiq olduğunu vurğulayaraq, regionda davamlı sabitliyin yalnız qarşılıqlı tanınma və beynəlxalq hüququn prinsipləri əsasında mümkün olduğunu qeyd edib.

“Prezidentin bu platformada iştirakı özü-özlüyündə siyasi bir mesaj kimi qiymətləndirilir. Çünki Avropa Siyasi Birliyi bu gün anlayır ki, Cənubi Qafqazda dayanıqlı sülh Azərbaycanın mövqeyi və razılığı nəzərə alınmadan formalaşa bilməz. Eyni zamanda regionun sabitliyi Avropa üçün yalnız siyasi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Şərqi Avropa və Yaxın Şərqdə mövcud olan risklər fonunda Qafqazın təhlükəsizliyi alternativ enerji marşrutları, yükdaşımalar və nəqliyyat dəhlizləri baxımından Avropa üçün mühüm rol oynayır”, – deyən deputat qeyd edib ki, bununla belə Avropa institutları daxilində mövqelərin eyni olmadığı da müşahidə olunur.

Bir tərəfdə rəsmi Avropa strukturlarının daha praqmatik yanaşması, digər tərəfdə isə xüsusilə Avropa Parlamenti səviyyəsində daha sərt və tənqidi mövqelər diqqət çəkir. Məhz bu fərqli yanaşmalar nəticəsində Azərbaycanla bağlı bir sıra qətnamələrin qəbul edilməsi də müzakirə mövzusuna çevrilir: “Bu fonda Prezidentin çıxışı, əslində, həm də mesaj xarakteri daşıyırdı: Azərbaycan sülh prosesinə açıqdır, lakin bu proses selektiv yanaşmalar və ikili standartlar üzərində qurula bilməz. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq hüququn norma və prinsipləri hər bir dövlət üçün eyni şəkildə tətbiq olunmalıdır”.

Deputatın fikrincə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, əldə olunmuş nəticələr – xüsusilə ərazi bütövlüyü və suverenliyin bərpası – artıq fakt kimi qəbul edilməlidir və bundan sonrakı mərhələ sülhün möhkəmləndirilməsidir. Bu səbəbdən ölkə hər hansı siyasi təzyiq və ya qeyri-obyektiv yanaşmalarla aparılan müzakirələri qəbul etmir.

“Ümumilikdə, Prezidentin sammitdəki çıxışı Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləməklə yanaşı, regionun gələcək təhlükəsizlik arxitekturasında ölkəmizin əsas aktor olduğunu da nümayiş etdirib”, – deyə Hikmət Babaoğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
bizimyol.info

1Sources