EN

Regionda formalaşan yeni siyasi reallıqların aydın və sistemli təqdimatı

"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısında videobağlantı formatında çıxışı regionda formalaşmaqda olan yeni siyasi reallıqların aydın və sistemli təqdimatı kimi qiymətləndirilə bilər. Cənab Prezidentin çıxışının məzmunu göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsində təşəbbüs irəli sürən və gündəliyi müəyyən edən tərəf kimi çıxış edir".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, bir neçə il əvvəl belə bir tədbirdə Azərbaycanın iştirakı real görünmürdü. Bu gün isə bu, regionda baş verən dəyişikliklərin məntiqi nəticəsi kimi qəbul olunur. Dövlət başçısının dediyi kimi, Azərbaycan İrəvanda Zirvə toplantısının keçirilməsini dəstəkləyib və eyni zamanda balanslı yanaşmanın qorunması məqsədilə növbəti görüşlərdən birinin ölkəmizdə təşkili təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün qəbul olunması, o cümlədən Ermənistan tərəfindən dəstəklənməsi regionda yeni münasibətlər mühitinin formalaşdığını göstərir.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir.

"Bu kontekstdə nəqliyyat və iqtisadi əlaqələrin bərpası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illər mövcud olmuş tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldıraraq regionda yeni əməkdaşlıq imkanları yaradıb. Bunun nəticəsində Ermənistan istiqamətində yük daşımaları həyata keçirilib, enerji resurslarının tədarükünə başlanılıb. Bu addımlar regionda qarşılıqlı iqtisadi asılılığın formalaşmasına və dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan regionun beynəlxalq nəqliyyat-logistika sisteminə inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirir. Yeni kommunikasiya xətlərinin açılması və mövcud marşrutların inkişafı Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artırır və sülh prosesinə əlavə stimul verir"-deyən, deputat qeyd edib ki, cənab Prezident çıxışında bir sıra Avropa institutlarının mövqeyinə də toxunub. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasınin fəaliyyətində müşahidə olunan qərəzli yanaşma və ikili standartlar tənqid edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini həyata keçirib. Lakin buna baxmayaraq, bəzi qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq cəhdləri davam etdirilir. Bununla yanaşı, çıxışda Avropa Komissiyasınin daha konstruktiv mövqeyi xüsusi qeyd olunub. Bu, Azərbaycanın Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət və balans prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətini göstərir.
"Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni xarici siyasət mərhələsini əks etdirir. Bu mərhələ əldə olunmuş nəticələrə əsaslanan inam, praqmatik əməkdaşlıq və milli maraqların qətiyyətlə müdafiəsi ilə səciyyələnir. İrəvan sammiti bir daha nümayiş etdirdi ki, region artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və Azərbaycan bu prosesdə aparıcı rol oynayır"-deyə deputat vurğulayıb.

Chosen
26
1
ikisahil.az

2Sources