EN

Vüqar Rəhimzadə: Avropa Parlamenti Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilib

Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsindən, bütün bunların fonunda yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanların açılmasından bəhs edir. 30 il torpaqları işğal altında qalan Azərbaycan münaqişənin nizamlanması üçün dünya ölkələrinə ədalət və beynəlxalq hüquqa hörmət çağırışlarını etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yeni münaqişələrə yol açdığını, mövcud problemlərin həlli prosesinə mane olduğunu, dövlətlər arasında münasibətlərdə qarşılıqlı etimad mühitini sıfra endirdiyini ən yüksək tribunalardan bəyan etdi. İkili standartların ədalətsizlik olduğu əsaslı şəkildə bəyan edildi. Lakin bunların fonunda Azərbaycan yenə də ədalətə və beynəlxalq hüquqa söykənərək torpaqlarının işğaldan azad edilməsi istiqamətində sülh danışıqlarını davam etdirdi, sonda ədalətin zəfər çalacağına inamını itirmədi.

Bu gün 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillər bəllidir və onların ətraflı şərhinə ehtiyac yoxdur. Bu baxımdan ki, dövlətimizin başçısı İlham Əliyev həm Vətən müharibəsi dövründə 30-dan artıq aparıcı beynəlxalq media qurumlarına müsahibələrində, eyni zamanda, tarixi Zəfərimizdən sonrakı mərhələdə beynəlxalq təşkilatların tribunalarından, müxtəlif platformalardan bütün çıxışlarında 30 illik işğal dövrünün reallıqlarını, 44 günlük İkinci Qarabağ müharibəsinə aparan yolu geniş şəkildə təhlil edir, həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Azərbaycan bu gün torpaqlarını işğaldan azad edib qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, informasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün səylərimizi daha da artırır, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən dövlətlərə, beynəlxalq təşkilatlara həqiqətləri real faktlarla çatdırır.

Bu baxımdan Avropa Parlamentinin 2026-cı il aprelin 30-da qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli, reallığı əks etdirməyən və regional sülh prosesinə zərbə vurmaq məqsədi güdür. Bu qətnamənin hansı maraqların əsasında hazırlandığı sənədin adında özünü aydın şəkildə nümayiş etdirir. Avropa Parlamentinin “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı sözügedən qətnaməsi açıq-aşkar Ermənistana dəstəyin ifadəsi, Azərbaycana qarşı əsassız ittiham və böhtanların məcmusudur. Belə sənədlərin qəbulunda Avropa Parlamentinin məqsədi və məramı özlüyündə aydındır. Qurumun Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ölkəmizə qarşı bu qərəzli qətnamə Avropa Parlamenti tərəfindən qəbul edilən ilk sənəd deyil.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, qətnamə müəllifləri Cənubi Qafqazda yaranmış yeni reallıqları görməzdən gələrək erməni lobbisinin maraqlarını əsas götürüblər. Mayın 1-də Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılaraq Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun diqqətinə çatdırıldı və qurum tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizlə bağlı əsassız və qərəzli müddəalar qəti şəkildə pisləndi və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olundu. Qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulandı. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə zərbə vurduğu xüsusi qeyd olundu.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və bu kimi çağırışlar Azərbaycanın daxili işlərinə müdaxilədən başaq bir şey deyil. Onu da qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə birgünlük antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi. Həmçinin lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etməsi bütün dünyaya məlumdur. Bütün bunlar həmin qətnamədə yer alan iddiaların nə qədər əsassız, maraqlara xidmət edən, çirkin niyyətdən yaranan fikirlər olduğunu təsdiqləyir. Azərbaycana qarşı qərəzlə dolu bu sənəddə öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun diqqətdən kənarda qalması qətnamənin açıq şəkildə qərəzli xarakter daşıdığını sübut edir. Beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, bu mühüm humanitar məsələnin nəzərə alınmaması sənədin birtərəfli və ədalətsiz yanaşma əsasında hazırlandığını sübut edir. Azərbaycan müstəqil dövlətdir və onun xarici siyasətinin prinsipləri dəyişməzdir. Bu prinsiplərdən biri də heç bir dövlətin daxili işlərinə müdaxilə etməmək, həmçinin özünün daxili işlərinə müdaxilənin yolverilməzliyini nümayiş etdirməkdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamədə “müharibə əsirləri” kimi təqdim edilən, əslində isə Azərbaycanın suveren ərazilərində törətdikləri cinayətlərinə görə məhkum olunan erməniəsilli qatı cinayətkarların, uşaq qatillərinin azad edilməsi ilə bağlı hüquqi baxımdan qəbuledilməz olan çağırışların da yer alması gülünc və təşşüf doğurur. Eyni zamanda, mədəni və dini irsin məhv edilməsi ilə bağlı iddiaların da əsassızlığı qətnamə müəlliflərinin özlərinə də çox yaxşı bəllidir. İşğaldan azad edilmiş torpaqlarımız Ermənistanın 30 il davam edən işğalı dövründə onların törətdikləri bütün dağıntıların, vəhşiliklərin təqdimatıdır. Bütün tikililər darmadağın edilmişdi. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının izlərini silmək üçün mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Bütün bu reallıqları görməzdən gələn Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə açıq-aşkar sülh və normallaşma prosesinə zərbə vurmaq niyyətini təsdiqləyir. Avropa Parlamenti ya regionun reallıqlarını bildiyi halda maraqlarına uyğun olaraq bunları görmək istəmir, ya da onları dərindən öyrənmədən, birtərəfli, yalan və absurd məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır. Belə olan təqdirdə inamdan, qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bu qərəzli yanaşma Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də təsir göstərməyə bilməz. Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılarkən bu məsələ xüsusi diqqətə çatdırıldı. Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırıldı.

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman əməkdaşlıq, sülh, təhlükəsizlik tərəfdarı olub. Hazırda ölkəmiz təkmil sülh və enerji təcrübəsi ilə dünyanın diqqətindədir. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bunun üçün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu, eləcə də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanmasını xatırlatmaq kifayətdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu baxımdan Avropa Parlamenti daha məsuliyyətli, ədalətli mövqe tutmalı, hazırda yeni mərhələyə daxil olan münasibətlərə xələl gətirəcək addımlar atmamalıdır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox meyillərin geniş yayıldığı bir vaxtda Avropa Parlamentinin bu mənfi meyillərlə mübarizə aparmaq əvəzinə obyektivlikdən uzaq, qərəzli qətnamələr qəbul etməsi qurumun nə qədər acınacaqlı vəziyyətə düşdüyünün göstəricisidir. Anti-Azərbaycan xarakterli bu qətnamənin real faktlara deyil, ölkəmizin əleyhinə olan qüvvələrin qərəzli maraqlarından qaynaqlanan təxribat və qarayaxma ssenarisi əsasında korrupsionerlər tərfindən hazırlandığı birmənalıdır.

Artıq bu qurumla konstruktiv əməkdaşlıq etmək mümkün deyil. Milli Məclis Avropa Parlamentinin ölkəmiz əleyhinə fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Eyni zamanda, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması qərara alınıb.

Chosen
14
4
ikisahil.az

5Sources