Xaqani Cəfərli:“Resursu olsa Rusiya Ermənistanda dövlət çevrilişi cəhdi də edər, Paşinyanı da Dəmirçiyan kimi güllələdər”
İrəvanda Avropa İttifaqı-Ermənistan sammiti davam edir. Avropa İttifaqı ölkələrinin liderlərinin əksəriyyəti sammitdə iştirak etmək üçün Ermənistana yığışıb. Avropa ölkələri liderlərinin qatıldığı bu sammitin Rusiyanı ciddi narahat etdiyini, hətta buna görə Ermənistanı böyük təhlükə gözlədiyini deyənlər var. Söhbət Rusiyanın Ermənistanda dövlət çevrilişi şübhəsindən gedir ki, ehtimallara görə, bu baş verə bilər.
Belə bir tədbirin keçirilməsi, yaranan vəziyyət, bu sammit Ermənistan Rusiya münasibətlərinə necə təsir göstərəcək? Ermənistanın atdığı aktiv Rusiyadan uzaqlaşma addımlarının qarşısında Rusiya Ermənistanda dövlət çevrilişi cəhdinə baş vura bilərmi?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsini Rusiya mətbuatı Ermənistanın Qərbyönümlü xarici siyaəst kursuna və Baş nazir Nikol Paşinyana dəstək kimi dəyərləndirir. “Bu gerçəklikdən uzaq deyil. Üç il öncə Kişinyov yaxınlığındakı Bulboaka kəndində (Mimi Qəsri) keçirilən sammit də Moldovanın Qərb yönümlü xarici siyasət kursuna və Maya Sandu iqtidarına dəstək idi. Həmin sammitdən sonra Moldovanın Qərblə yaxınlaşması daha da sürətlənib və Maya Sandu iqtidarı da güclənib. Moskva eyni halın Ermənistanla bağlı da təkrar olunacağından qorxur. Rusiya Ermənsitanda və Cənubi Qafqazda maraqlarını qorumaq üçün son nəfəsinə qədər mübarizə aparacaq. Rusiya dağılmayana qədər Moskva Cənubi Qafqazın itirilməsi ilə barışmaq istəməyəcək. Bunun üçün də hər bir yola ət atmağa hazırdır.
Sadəcə olaraq Venediktovun dediyi kimi, resursu yoxdur. Resursu olsa Rusiya Ermənistanda dövlət çevrilişi cəhdi də edər, Paşinyanı da Dəmirçiyan kimi güllələdər”.
X.Cəfərlinin sözlərinə görə, ancaq indi təqvimdə 1999-cu il deyil və Rusiyanın Ukraynada nəhəng itgilər verməsi Ermənistanı da, digər postsovet respublikalarını da Moskvanın təhdidlərindən böyük ölçüdə xilas edib: “Rusiya seçki ərəfəsində və ya seçkidən sonra hansısa hadisələr törətməyə çlışacaq. Ümid edirəm ki, Paşinyanın başçılıq etdiyi hökumət və Ermənistanın müttəfiqləri belə bir hadisənin qarşısını almaq üçün tədbir görürlər”.
İradə SARIYEVA