EN

Onların da vergi yükü artır: ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"

Hesablama Palatası Azərbaycanda kənd təsərrüfatı sektorunda şəffaflığı artırmaq və "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq məqsədilə qanunvericiliyə dəyişiklik təklif edib.

Məlumata görə, Palatanın hazırladığı təklifdə kənd təsərrüfatı məhsulları istehsalçılarının aşağı faiz dərəcəsi ilə mənfəət vergisinə cəlb edilməsi məsələsi gündəmə gətirilib.

“Fermerlərin gəlir və xərclərinin hesabatlılığı, eləcə də gəlirləri fermerlərin xərcləri hesabına formalaşan sahibkarların qeyri-rəsmi münasibətlərdən (kölgədən) çıxarılması, mikro və makroiqtisadi göstəricilərin timsalında (milli iqtisadiyyatın digər sahələrində olduğu kimi) şəffaflaşmanın sürətləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarının (mikrosahibkarlar istisna olmaqla) aşağı faiz dərəcəsi ilə mənfəət (gəlir) vergisinə cəlb edilməsi məsələsinə normayaratma qaydasında baxılması təklif olunur”, - deyə məlumatda bildirilir.

Təklif edilən bu vergi dəyişikliyi kənd təsərrüfatı sektorunda nəyi dəyişə bilər? Bu dəyişiklik kiçik və orta fermer təsərrüfatlarına necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Hesablama Palatasının təklifi reallaşsa, kənd təsərrüfatı sektorunda ən böyük dəyişiklik “kölgədən çıxma” və hesabatlılığın artması olacaq:

“İndi kənd təsərrüfatı məhsulları istehsalçıları mənfəət vergisindən azaddır. Onlar yalnız torpaq vergisi və sosial ödənişlər verir. Bu güzəşt illərlə sektoru qorumaq üçün saxlanılıb. 

Amma nəticədə fermerlə tədarükçü, topdançı, emal müəssisəsi arasında alqı-satqı çox vaxt nağd, qəbzsiz, müqaviləsiz gedir. Vergi olmayanda hesabat da tələb olunmur.

Yeni dəyişikliklə mikrosahibkarlar istisna olmaqla digər fermerlər aşağı faizlə də olsa, mənfəət vergisi ödəyəcəksə, deməli gəlir və xərclərini rəsmiləşdirməli olacaqlar. 

Hər satış faktura ilə, hər xərc sənədlə təsdiqlənməlidir. Bu, zəncir boyu şəffaflıq yaradar. Dövlət real istehsal həcmini, maya dəyərini, gəlirliliyi görər.

Statistika dəqiqləşər, subsidiyalar ünvanlı verilər. “Kölgə”də olan iri fermerlər və onların məhsulunu alan emalçılar leqallaşmağa məcbur qalacaq. Büdcəyə də əlavə daxilolma yaranacaq, amma əsas məqsəd vergidən çox şəffaflıqdır”.

Onun sözlərinə görə, kiçik və orta fermer təsərrüfatlarına təsir isə miqyasdan asılı olacaq:

“Təklifdə “mikrosahibkarlar istisna olmaqla” deyilir. Azərbaycanda mikrosahibkar illik dövriyyəsi 200 min manata qədər olanlardır. Yəni həyətyanı təsərrüfat, 5-10 hektar əkin, 20-30 baş malı olan ailə fermerləri dəyişiklikdən kənarda qalacaq.

Onlar əvvəlki kimi vergidən azad işləyəcək. Dəyişiklik əsasən orta fermerlərə, yəni illik dövriyyəsi 200 mindən yuxarı olanlara, 50-100 hektar əkən, iri istixana, quşçuluq, bağçılıq təsərrüfatlarına toxunacaq. 

Bu qrup üçün iki təsir var. Birincisi, vergi yükü yaranır. Faiz aşağı olsa da, məsələn 2-5 faiz, bu yenə xərcdir. İndiyə qədər vergisiz işləyən fermer üçün psixoloji və maliyyə yükü olacaq.

Xüsusilə quraqlıq, qiymət düşməsi olan ildə mənfəət olmayanda belə, hesabat vermək, mühasib saxlamaq əlavə xərcdir. İkincisi, leqallaşma üstünlük gətirir. 

Rəsmi gəliri olan fermer banka gedib kredit, lizinq ala bilir. Sığorta, subsidiya, ixrac dəstəyi üçün sənəd təqdim edə bilir. İri marketlər, emal zavodları yalnız qəbzli mal alır. Vergi ödəyən fermer həmin bazarlara çıxış qazanır”. 

Ekspert qeyd edib ki, risk odur ki, orta fermerlər vergi və sənədləşmədən yayınmaq üçün təsərrüfatı parçalayıb “mikro” statusda qalmağa çalışa bilər:

“Ya da xərci şişirdib mənfəəti sıfır göstərəcək. Nəzarət zəif olsa, “kölgə” tam yığışmayacaq, sadəcə forması dəyişəcək. Bir də mühasibatlıq mədəniyyəti zəif olan bölgələrdə fermerlər üçün inzibati əziyyət artacaq. 

Dövlət paralel olaraq sadələşdirilmiş uçot, elektron kassa güzəşti, pulsuz mühasibat proqramı verməsə, kiçik və orta təsərrüfatlar çətinlik çəkər.

Qısası, təklif olunan dəyişiklik mikrosahibkarlara dəyməyəcək, orta və iri fermerləri isə rəsmiləşdirəcək. Bu, sektoru şəffaflaşdırar, dövlətə real mənzərə verər, leqal işləyən fermerin maliyyə çıxışını artırar.

Amma vergi dərəcəsi, inzibatçılıq sadəliyi və nəzarət mexanizmi düzgün qurulmasa, orta fermerlərin yükü artar və onlar yenidən “kölgəyə” qayıtmağa yol axtarar”.

Chosen
45
cebheinfo.az

1Sources