EN

“İstedadlar Akademiyası” layihəsinə start verib

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. Layihənin icrasına 1 may tarixindən etibarən başlanılıb.

Layihənin əsas məqsədi Bakı şəhəri və Gədəbəy rayonundan olan istedadlı uşaqların aşkar edilməsi, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və geniş ictimaiyyətə tanıdılmasıdır. Bu məqsədlə ümumtəhsil müəssisələri ilə əməkdaşlıq qurulacaq, seçilmiş uşaqlar üçün regionlarda xüsusi təlim proqramları təşkil olunacaq.

Təlim proqramına rəsm, musiqi, rəqs, xanəndəlik, aşıq yaradıcılığı, qiraətçilik və müxtəlif instrumental musiqi alətlərində ifaçılıq sahələri daxildir. Eyni zamanda layihə müddətində uşaqlar üçün 7 motivasiya seminarının keçirilməsi və tanınmış yaradıcı şəxslərin iştirakı ilə onların inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində həm Gədəbəydə, həm də Bakıda ustad dərsləri və təqdimat tədbirləri təşkil ediləcək. Xüsusilə Bakıda müxtəlif yaradıcılıq istiqamətləri üzrə peşəkar ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Sonda isə Bakıda genişmiqyaslı yekun sərgi və konsert proqramı təşkil olunacaq. Tədbir zamanı iştirakçıların rəsm əsərləri nümayiş etdiriləcək, həmçinin musiqi və rəqs çıxışları təqdim olunacaq.

Layihənin rəhbəri və birliyin sədri Vüsalə Sadıqova (Qələndərli) bildirib ki, bu təşəbbüs regionlarda yaşayan istedadlı uşaqların inkişafına, onların özünəinamının artırılmasına və gələcək yaradıcılıq karyeralarının formalaşmasına mühüm töhfə verəcək.

Chosen
16
2
turkustan.az

3Sources