Bakı,4 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və “Elsevier” şirkətinin dəstəyi ilə keçirilən ixtisaslaşmış təlimlər çərçivəsində yekun sessiya təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Scopus” verilənlər bazasında elmi jurnalların indekslənməsi üzrə qiymətləndirmə meyarları və prosesləri” mövzusuna həsr edilən təlimdə BDU-nun elmi jurnallarının redaktorları və redaksiya heyətlərinin üzvləri iştirak ediblər.
Sessiya çərçivəsində iştirakçılar jurnalların keyfiyyətinin artırılması və beynəlxalq elmi bazalarda əlçatanlığının genişləndirilməsi istiqamətində praktiki biliklər əldə ediblər.
Sessiya zamanı jurnalların “Scopus” bazasına daxil edilməsi prosesi ətraflı şəkildə izah olunub. Bildirilib ki, jurnalların qiymətləndirilməsi “Content Selection & Advisory Board” (CSAB) tərəfindən həyata keçirilir və bu prosesdə təqdim olunan məlumatların dolğunluğu, redaksiya siyasəti, eləcə də nəşr etikası xüsusi əhəmiyyət kəsb edir.
Təlimdə “Scopus”un qiymətləndirmə meyarları geniş təqdim olunub. Qeyd edilib ki, jurnallar əsasən aşağıdakı istiqamətlər üzrə dəyərləndirilir: jurnalın məqsəd və siyasəti, rəyvermə (peer-review) mexanizmi, məqalələrin elmi səviyyəsi və aktuallığı, redaksiya heyətinin beynəlxalq tərkibi, nəşrlərin müntəzəmliyi və vaxtında dərc olunması, həmçinin onlayn əlçatanlıq və ingilisdilli xülasələrin mövcudluğu.
Bununla yanaşı, “Scopus” bazasının keyfiyyət və etibarlılığının qorunması məqsədilə çoxmərhələli qiymətləndirmə və davamlı monitorinq mexanizmlərinin tətbiq edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, bazaya daxil edilmiş jurnallar da mütəmadi şəkildə yenidən qiymətləndirilir, onların nəşr etikası, sitat göstəriciləri və redaksiya keyfiyyəti daimi nəzarətdə saxlanılır.
Təlim interaktiv formatda keçirilib, iştirakçılar fəal müzakirələr apararaq qarşılaşdıqları problemləri bölüşüb və praktiki tövsiyələr əldə ediblər.