EN

Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO

Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir.

Turkustan.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim. Ancaq təəssüflər olsun ki, bütün Avropa institutları eyni yanaşmanı nümayiş etdirmir.

Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlament üzvü kimi AŞPA-nın fəal üzvlərindən biri olmuşam. 2024-cü ilin yanvarına qədər nümayəndə heyətimiz Avropa Şurasında heç vaxt hər hansı məhdudiyyətlə üzləşməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. Biz 1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz icra etdik.

Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir.

2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib.

Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib.

Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır.

Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir.

Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib.

Nəzərə alaraq ki, bu sammitlər çərçivəsində biz fikirlərimizi və narahatlıqlarımızı açıq şəkildə bölüşürük, bu məsələ ilə bağlı baş verənləri həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, hər hansı dezinformasiya və manipulyasiya üçün zəmin yaranmasın”, - Dövlətimizin başçısı vurğulayıb.

Chosen
2
24
turkustan.az

10Sources