EN

"Tezliklə nəsə baş verəcək": Avropa yaxın 2 ildə Rusiyanın hücumunu gözləyir

Avropada belə bir narahatlıq var ki, Vladimir Putin yaxın bir-iki ili “imkan pəncərəsi” kimi qiymətləndirə bilər. Səbəb kimi Donald Trampın Ağ Evdə olması, ABŞ–Avropa münasibətlərinin zəifləməsi və Aİ-nin hələ tam hərbi gücünü artırmaması göstərilir. 

Hit.az xəbər verir ki, bu barədə “Politico” Avropa rəsmilərinə istinadən yazır.

Finlandiyalı Avropa Parlamentinin deputatı Mika Aaltola bildirib: “Tezliklə mühüm bir şey baş verə bilər – Rusiyada imkan pəncərəsi var. ABŞ Avropadan uzaqlaşır, transatlantik münasibətlər zəifləyib və Aİ hələ tam hazır deyil”.

Rəsmilər hesab edir ki, Rusiyanın NATO ölkəsinə birbaşa quru işğalı ehtimalı aşağıdır, çünki Moskva Ukraynadakı müharibə ilə ciddi şəkildə zəifləyib. Daha real ssenari isə “qeyri-müəyyənlik yaradan” məhdud hücumlar və ya təxribatlardır.

Aaltolanın sözlərinə görə, məqsəd NATO daxilində parçalanma yaratmaq və 5-ci maddənin (kollektiv müdafiə) işə düşüb-düşməməsi barədə mübahisə doğurmaq ola bilər.

Keçmiş Litva xarici işlər naziri Qabrielius Landsbergis də oxşar xəbərdarlıq edib və Putinin münaqişəni başqa bölgələrə yayaraq Ukrayna ilə danışıqlardan yayınmağa çalışa biləcəyini deyib.

Aaltola bildirib ki, mümkün hədəflər çox müxtəlif ola bilər və mütləq klassik hərbi işğal formasında olmaya bilər:

“Bu dron əməliyyatı ola bilər, Baltik dənizində bir əməliyyat ola bilər, hətta Arktikada kiçik adalara yönəlmiş addımlar ola bilər. Dron hücumları üçün nə orduya, nə də sərhəd keçidinə ehtiyac var”.

O əlavə edib ki, Rusiya “kölgə donanması” kimi vasitələrdən də istifadə edə bilər və bu artıq müəyyən dərəcədə hərbiləşdirilib.

Ekspertlərin fikrincə, Ukraynada davam edən müharibə Rusiyanın resurslarını zəiflətsə də, eyni zamanda onu daha da riskli edir, çünki Kreml çıxış yolu axtarır.

Aaltola bildirib: “Müharibəni genişləndirmək Rusiyanın əlində bir üstünlük ola bilər. Onlar sülh deyil, münaqişəni yaymaq yolu axtarırlar”.

Avropada isə bəzi rəsmilər təhlükəni daha aşağı qiymətləndirir. Estoniya prezidenti Alar Karis Rusiyanın eyni anda iki cəbhədə müharibə aparmaq gücünə sahib olmadığını düşünür.

Bununla belə, NATO diplomatları bildirir ki, “Putinin riskli davranışı da məhduddur” və birbaşa geniş müharibə ehtimalı azdır.

Bütün tərəflər razıdır ki, istənilən ssenari istisna edilə bilməz. Estoniya prezidenti qeyd edib: “Biz ayıqıq, hazırıq və gözümüz açıqdır”.

Daha əvvəl Polşa baş naziri Donald Tusk da Rusiyanın NATO ölkəsinə yaxın aylarda hücum edə biləcəyini istisna etməmişdi. Avropanın bir sıra ölkələri isə mümkün müharibə ssenarilərinə qarşı evakuasiya planları hazırlayır.

Samir

Chosen
15
hit.az

1Sources