EN

May-iyun aylarında atəş kəsməyəcək, amansız döyüşlər gedəcək - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Bəs tərəflər arasında atəşkəs mümkündürmü?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, 9 May - Qələbə günü yaxınlaşdıqca tərəflər arasında söz dueli bir az da qızışacaq.

Həmsöhbətimizin fikrincə, Rusiya öz paradını keçirmək üçün belə bir təklif irəli sürüb:

"Əlbəttə ki, bu təklif Ukrayna tərəfindən qəbul edilməyəcək. Çünki artıq Ukrayna Rusiyanın bu cür tarixlərdən öz təbliğatı üçün istifadə etmək fikrində olduğu qənaətindədir. Düşünmürəm ki, Ukrayna bununla razılaşacaq. Eyni zamanda Rusiya özünü qeyri-səmimi aparır. Çünki son vaxtlar Pasxa ilə əlaqədar, bir başqa bayramla əlaqədar onlar müəyyən fikir səsləndiriblər: guya atəşkəs elan olunsa, yaxşı olar. Mən şəxsən düşünmürəm ki, Ukrayna bunu bu şəkildə qəbul etsin. Tərəflər arasında əksinə, may-iyun aylarında çox amansız döyüşlər gedəcək. Bu gün səhər saatlarında artıq məlumat var idi ki, Ukrayna dronları Rusiyanın paytaxtında Mosfilm rayonunda yaşayış binasına dəyib. Düzdür, Moskva meri Sergey Sobyanin hər hansı bir itkinin olmamasını qeyd etsə də, istənilən halda mən hesab edirəm ki, müharibə artıq Rusiyanın paytaxtına da gəlib çatıb. İndi Ukrayna özünün istehsalı olan dronlarla, raketlərlə Rusiyaya çox böyük zərbələr vurur. Krasnodar vilayətinin Tuapse şəhərindəki neft emalı və neft ehtiyatları anbarlarına, o cümlədən Permdəki neft bazalarına zərbə Rusiyanı çox pis vəziyyətə qoyub. Ona görə düşünmürəm ki, bu bir günlük atəşkəs nəyisə həll edəcək və yaxud da ki, Ukrayna buna razılıq verəcək. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin təkliflərini dəyərləndirmək üçün ironiyalı bir açıqlama vermişdi ki, hələ biz araşdıraq görək bunların bu atəşkəsi hansı müddətə nəzərdə tutulub, hansı məqsədləri daşıyır".

Üzeyir Cəfərovun sözlərinə görə, hər hansısa atəşkəsdən söhbət gedə bilməz:

"Təmaslar dünən də olub, bu gün də var, sabah da olacaq. Bu təmaslar daha çox ölən və yaralananlar, əsirlərlə bağlıdır. Amma 9 maya qədər tərəflər arasında döyüşlər davam edəcək. Rusiyanın özünün davranışları bu müharibənin artıq beşinci ilə keçməsinə səbəb olub. Ukrayna dəfələrlə təkliflər irəli sürüb, amma Rusiya qəbul olunması mümkün olmayan təklifləri səsləndirir və bu da Ukrayna tərəfindən heç cür qəbul oluna bilməz və qəbul da olunmur. Ona görə də atəşkəs elan olunması düşünmürəm ki, mümkün olsun. Həm də Rusiya Prezidenti Vladimir Putinə paradı keçirmək və öz cəmiyyətinə bir mesaj vermək məqsədilə bu təklif irəli sürülür və yəqin ki, elə bu belə də qalacaq".

Aytəkin TOFİQQIZI

Chosen
48
1
redaktor.az

2Sources