EN

Zelenski İrəvanda, Putin isə... – Sensasion gəlişmə

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin mayın 4-də keçiriləcək sammiti ilə əlaqədar Ermənistana gəlib. Erməni politoloq Benyamin Matevosyan deyib ki, Baş nazir Nikol Paşinyan Ukrayna liderindən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini bloklayıb.

Matevosyan bunu Ermənistanın Paşinyanın dövründə Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olması ilə izah edib. “Paşinyan Putinin Ermənistana səfərini blokladı, amma Zelenskini qırmızı xalça ilə qarşılayacaq”, - o əlavə edib. Xatırladaq ki, BCM 2023-cü il martın 17-də Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Orderlər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət iddialarına əsaslanır. Beynəlxalq Məhkəmənin üzvü olan ölkələr səfər edəcəyi təqdirdə BCM-in Nizamnaməsinə uyğun olaraq, Rusiya Prezidentini həbs etməlidirlər.

Putin Ermənistana gələrsə, həqiqətənmi həbs təhlükəsi var? İrəvan belə bir riskli addımı atarmı?

Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Zelenski İrəvana səfər etsə də, Paşinyan hakimiyyətinin Ukrayna ilə münasibətləri çox da yaxşı deyil: “Zelenskinin də Paşinyana bir o qədər isti münasibəti yoxdur. Onları bir araya gətirən Avropa İttifaqıdır. Putinə gəlincə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə üzv olduqdan və Roma statutunu imzaladıqdan sonra Putinin Ermənistana səfər etməsi təhlükə altına düşür. Həmin hadisədən indiyə qədər Putinin Ermənistana səfər etməməsi də ola bilsin ki, Rusiya liderinin İrəvanı çətin seçim qarşısında qoyma istəmədiyi ilə əlaqədardır. Şübhəsiz ki, Putin Ermənistanın onu həbs edəcəyindən qorxmur, çünki İrəvanın bu cür addım atmağa risk etməyəcəyini bilir. Sadəcə, ola bilsin Ermənistanı çətin durumda qoymaq istəmir”.

Terrorçu

X.Bəşirov onu da deyib ki, artıq Roma statutu, Beynəlxalq Cinayət Məhkəməsi son illərdə artıq siyasiləşmiş təsisata çevrilib:
“Roma statutunu imzalayan ölkələr haqqında həbs orderi çıxarılmış siyasətçiləri həbs etmirlər. Bunu təsdiqləyən faktlar var. Məsələn, Putinin Monqolustana səfəri oldu, lakin Monqolustan ona qarşı heç bir addım atmadı. Ermənistan da sabah Putin İrəvana səfər etsə onu saxlayası deyil. Paşinyan Roma statutunu imzalamaqla Qərbin xoşuna gəlməyə çalışmışdı. Ukrayna müharibəsinin fonunda bu addımı atmışdı ki, Qərbin yanında olduğunu göstərsin”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
3
musavat.com

1Sources